Vüqar Bayramov: “Azərbaycan avronun məzənnəsinin aşağı düşməsində yox, möhkəmlənməsində maraqlı olan ölkədir”
Yaşar Əsədov: “Yunanıstan avrozonadan çıxarsa, avronun məzənnəsi daha da düşəcək”
Ucuzlaşan avro üçün daha bir zərbə gəlir. Belə ki, Yunanıstan avrzonadan çıxacağını və avrodan imtina edəcəyini bildirib. Əksər ekspertin fikrincə, Yunanınstanın qopması Avropa Birlyinin parçalanmasının başlanğıcı ola bilər. Dünyada ikinci aparıcı valyuta olduğundan avronun dəyərdən düşməsi isə müxtəlif ölkələrinin valğyuta ehtiyatlarına təsirsiz ötüşməyəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, Yunanıstanın avrozonadan çıxması avronun məzənnəsinə müəyyən qədər mənfi təsir göstərəcək: “Yunanıstan avrozonadan çıxdıqdan sonra avronun məzənnəsindəki azalma tendensiyaları davam edəcək. Amma kəskin azalmaların olacağı proqnozlaşdırılmır.
Çünki, Yunanınstan iqtisadi baxımdan avrozanın əsas ölkələrindən deyil. Yunanıstan iqtisadiyyatının avrozona iqtisadiyyatında payının az olması baxımından onun avrozonadan çıxması avronun məzənnəsinə ciddi təsir etmir. Bu gün avronun məzənnəsinə təsir edəcək ölkələr Almaniya, Fransa, İspaniya və İtaliyadır. Bu ölkələrin avrozona ilə bağlı qəbul etdiyi qərarlar birbaşa avronun məzənnəsinə təsir göstərir. Xüsusi ilə də Almaniya və Fransanın qərarları avronun məzənnəsinə ciddi təsir edir. Ancaq Yunanınstan iqtisadiyyatı avrozonada kiçik paya malik olduğundan onun avrozonadan çıxması və avrodan imtina etməsi avronun məzənnəsinə qısamüddətli dövrdə təsir göstərəcək. Uzunmüddətli dövdə avronun məzənnəsinin azalmasına gətirib çıxarmayacaq. Amma əsas dördlük avrozonada qaldığından avronun məzənnəsinin azalması baş verməyəcək”.
Vüqar Bayramov qeyd etdi ki, avronun məzənnəsi artıq xeyli müddətdir ki, azalır: “Avronun məzənnəsi azaldıqca ARDNF-in avro ilə saxladığı ehtiyatın dollarla ifadəsində dəyəri azalmaqdadır. Belə olan təqdirdə qeyri-neft sektorunun avrozonaya ixrac imkanları məhdudlaşır. Avropadan Azərbaycana gələn məhsulların dollarla ifadəsində dəyərinin azalmasına gətirib çıxarır. O baxımdan avronun məzənnəsinin aşağı düşməsi Avropadan idxalı ucuzlaşdırır, Azərbaycanın qeyri-neft sektorunun Avropaya ixracatını bahalaşdırır.
Burada söhbət dollarla əməliyyatlardan gedir. O baxımdan indiki vəziyyətdə avronun dəyərinin aşağı düşməsi iqtisadi baxımdan Azərbaycan üçün sərfəli deyil. Amma Azərbaycanın AB ilə əməliyyatlarının böyük hissəsi enerji məhsulları olduğundan avronun məzənnəsinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Azərbaycan isə avronun məzənnəsinin aşağı düşməsində yox, möhkəmlənməsində maraqlı olan ölkədir”.
Digər iqtisadçı Yaşar Əsədov bildirir ki, avronun dollara nisbətən dəyərdən düşməsi sadəcə, hansısa iqtisadi prosesin nəticəsi yox, qlobal iqtisadi müharibənin nəticəsidir: “AB SSRİ-yə qarşı yaradılmış bir iqtisadi blok idi. Hazırda isə güclənmiş həmin iqtisadi birlik ABŞ-ın özünə sərf etmir. Çünki, AB vahid olaraq ABŞ-dan iqtisadi cəhətdən güclüdür. Hazırki vəziyyətdə isə Yunanıstanın avrozonadan qopması mümkündür. Hətta başqa ölkələr də yavaş-yavaş AB-dən ayrıla bilər. Yəni, AB dağılmağa başlayır. Sanksiyalar da göstərdi ki, AB iqtisadi bütöv kimi effektiv deyil. Sanksiyalar dövrü göstərdi ki, AB vahid birlik olaraq öz iqtisadi maraqlarını qoruya bilmir. Yunanıstan avrozonadan çıxarsa, avronun məzənnəsi daha da düşəcək. Bunun isə Azərbaycana da təsiri olacaq. Çünki, Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi məhz avro ilə saxlanılır. Ona görə də valyuta ehtiyatımız qiymət etibarı ilə azalacaq”.
Mövqe.az