Azərbaycanda Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin reallaşdırılmasına dair proqram hazırlanıb. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
“2014-cü ildə dünyada baş verən bir sıra proseslər post-neft strategiyasını bir qədər də irəli çəkib. Bu ilin fevral ayında bunula bağlı Azərbaycan hökumətinin qarşısına tapşırıqlar qoyulub. 2016-cı ildə post-neft iqtisadiyyatının qurulması üçün strategiyanın hazıranması ilk addımlardan olub. Bu sənəd Azərbaycan iqtisadi modelinin qurulmasına xidmət edəcək”, – deyə R. Aslanlı qeyd edib.
Onun sözlərinə görə, sənəddə maliyyə sektorunu da əhatə edən bir sıra tapşırıqlar qeyd edilib: “Bu strategiyanın məqsədi ölkədə sabit, dayanıqlı və effektiv maliyyə sektorunun qurulmasıdır. Sabit maliyyə sektoru yaxşı kapitallaşmış, likvid vəsaitlərə malik maliyyə sektoru deməkdir. Dayanıqlı maliyyə sektoru təsirlərə davam gətirə bilən sektordur. Effekti isə müxətlif istehlakçılar dairəsinə əlçatan maliyyə xidmətlərinin təqdim edilməsini nəzərdə tutur”, – deyə R. Aslanlı bildirib.
İlk növbədə bank sektorunda restrukturizasiya prosesinin tamamlanmalı olduğunu qeyd edən MBNP başçısı əlavə edib ki, qeyri-işlək aktivlər məsələsi də həll edilməlidir: “Maliyyə infrastrukturu əhəmiyyətli inkişaf etdirilməlidir”.