8 C
Baku
Sunday, November 17, 2024

Rumıniya və Azərbaycan “ASAN xidmət” modeli ilə bağlı əməkdaşlığa başlayır

Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentliyin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Qonaqlar, həmçinin Səyyar “ASAN xidmət”in, “108” Çağrı mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və “ASAN TV və Radio”nun fəaliyyəti ilə tanış olublar.

Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.

Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildirib.

Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.

Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.

Xatırladaq ki, fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.

Son xəbərlər
Digər xəbərlər