16 C
Baku
Friday, April 26, 2024

İqtisadçıdan rus analitikə cavab: “İndi 90-cı illər deyil”

Diqqətinizi çox ciddi bir məsələyə yönəltmək istərdim. Lütfən, vaxt ayırıb bu yazınıı oxuyun və Maksim Şevçenkonun 9 dəqiqəlik şərhinə baxın. Bir çox məqamlar aydın olacaq.

Deməli, 12 iyuldan etibarən ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlardan dərhal sonra Rusiyalı bloqer Maksim Şevçenko özünün “YouTube” kanalında vəziyyəti şərh etdi. Bu şərh bizim həmvətənlərimiz tərəfindən də sürətlə paylaşıldı və incə şərh kimi qələmə verildi. Əvvəla bir neçə kəlmə analitik şərhlər barədə.
Peşəkar tərəfindən verilən hər bir analitik şərhdə adətən əsas ana fikirlər şərhin özündə açıq verilmir. Şərhin içərisində gizlədilərək 2-3 cümlə ilə mesaj şəklində verilir və şüurlara yeridilir. Bu maliyyə sahəsində də belədir, siyasətdə də. Bu taktika 25-ci kadr effekti ilə müqayisə edilə bilər. Bir daha vurğulayıram ki, xüsusilə peşəkar analitiklər bunu gözəl bacarır.
İndi isə Maksim Şevçenkonun hətta bizim azərbaycanlıların da incə və obyektiv hesab etdikləri çıxışının içərisində gizlənən niyyətlər və ölkə vətəndaşlarımızın, ölkəmizi sevənlərin beyinlərinə yeridilən mesaj və şüuraltı təlqinlərə diqqət edin:

– Bu müharibədə Azərbaycanın itirəcəyi daha çoxdu (Azərbaycan iqtisadiyyatı dağıla bilər);

– Ermənistanda güclü Rus ordusu var (Ermənistanı məğlub edə bilməzsiniz);

– Tovuz tərəfdən Azərbaycan Ermənistan ərazisinə addım ata bilməz (bu, Ermənistana təcavüz kimi qiymətləndirilər və KTMT vəziyyətə müdaxilə etmək məcburiyyətində qalar);

– Bu imperiyalara xidmət edən müharibədir. Bunu da qeyd edir ki, “Lenin 1915-də imperiyaya xidmət edən müharibəni vətəndaş müharibəsinə çevirməyi bacardı”. (Siz bu mesaja və ölkəmizin yaxın tarixində baş verənlərə baxın. Eyni senarini yeritmək istəyirlər həmişə və hər yerdə);

– Bu hakimiyyətdə olanların şəxsi ambisiya və mənəm mənəmliyinin ifadəsidir (bununla hakimiyyətə inamsızlıq aşılayır).

Siz yeridilən bu təhlükəli fikirləri və siyasəti gördünüz. Videoya bu tərəfdən baxsanız tam aydın olur.
Analitik kimi cavablarım: 

– Bu müharibədə Azərbaycan 20% torpaqlarını itirib. Ermənistanla müqayisədə Azərbaycanın daha güclü iqtisadiyyatının olması mənfi və riskli deyil, müsbət amildir. İndiki dövrdə müharibəni müasir silah və maliyyəsi güclü olan tərəf udur;

– Ermənistanda güclü rus ordusunun olması Azərbaycanın meydanda tək qalması demək deyildir. Bunu Rusiya da anlayır. Rusiya Azərbaycana daxildən təzyiq göstərə bilər. Amma müharibə qızışarsa və Rusiyanın açıq-aşkar müdaxiləsinin nəticələrini elə Türkiyə Prezidenti R.T.Erdoğanın çıxışındakı açıq mesajlardan görmək mümkündür;

– KTMT üzvü olan dövlətlərin heç biri (Qazaxıstan, Belarusiya və digərləri) Azərbaycana qarşı silah qaldırmaz. (bunu bir neçə gün öncəki statusumda nahaq yerə yazmadım və gedişat da bunu göstərdi); O ki, qaldı müttəfiqlərə. Azərbaycanın da kifayət qədər güclü ordulara malik olan və mövqeyini açıq-aydın sərgiləyən müttəfiqləri var. Son 3 gündə biz bunun bir daha şahidi olduq;

İndi 90-cı illər deyil ki, müharibə gedən ölkədə xalqı qarşı-qarşıya qoymaq mümkün olsun. Azərbaycanın bu sahədə təcrübəsi kifayət qədərdir. Ölkənin bütün konstruktiv qüvvələri, müxalifəti də birlik nümayiş etdirdilər. Bu birliyə qoşulmayanların hansı dəyirmana su tökdüklərini indi bütün xalq daha aydın görür;

– Azərbaycan hər dəfə cəbhədə öz iradəsini ortaya qoyanda hakimiyyəti hədəf göstərmək planı da yaramayacaq. Ölkə bunun da acı təcrübələrini yaşayıb. Diqqətlə fikir verin. Döyüşlər qızışıb. Rusiya nəbz ölçür. Ölkədə birlik, yüksək milli ruh, bir hədəfə (Qarabağ amili) fokuslanmağı gördükdən dərhal sonra telefon zəngləri, tərəfləri sülhə çağırmaq və sair. Yəni, B variantına keçid.

Bu qısa yazını niyə yazdım?

Əvvəla Maksim Şevçenkonun bu videosu vətəndaşlarımız tərəfindən mahiyyətinə diqqət edilmədən (əksər hallarda obyektiv analitik şərh düşüncəsi ilə yaxşı niyyətlə) incə analitik təhlil kimi yayımlanır. Bu məni narahat etdi. İkincisi, (xüsusilə xarici) peşəkar analitik və siyasətçilər tərəfindən verilən hər bir analitik şərhə müxtəlif baxış prizmalarından, bucaqlarından baxmağı öyrənək. Sətirlərarası mənaları, şüurlara yeridilən təhlükəli fikir və tərəfdarlarına göndərilən mesajları görə bilək. Bu halda hazırlıqlı olarıq, tədbirli olarıq, ayıq olarıq. Təhlükənin haradan gələcəyini daha tez görərik. Unutmayaq ki, müharibə təkcə cəbhədə getmir, hər sahədə gedir.

Müəllif: Elman Sadıqov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər