9 C
Baku
Thursday, December 12, 2024

Rusiya, ABŞ və İtaliyadan bu məhsulların idxalına məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Amur vilayətində nodulyar dermatit, İtaliya Respublikasının Toskana regionunda və Amerika Birləşmiş Ştatlarının İndiana ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Amur vilayətindən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, həmçinin İtaliya Respublikasının Toskana regionundan və Amerika Birləşmiş Ştatlarının İndiana ştatından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi Rusiya Federasiyasından, İtaliya Respublikasından və Amerika Birləşmiş Ştatlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər