Bu gün Rusiyanın beynəlxalq statuslu RAEX (Ekspert RA-beynəlxalq RAEX qrupuna daxildir) reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalar üzrə kredit reytinqini aşağı saldığını elan edib.
Banker.azın virtualaz.org istinadən verdiyi məlumata görə, Azərbaycanın suveren reytinqi BBB- səviyyəsindən BB+ səviyyəsinə (kafi kredit ödəmə səviyyəsi) endirib. Ölkənin xarici və milli valyuta üzrə kredit iqlimi reytinqi isə BB- səviyyəsinə endirilib.
Bundan əvvəl Azərbaycanın kredit iqlimi reytinqi BB səviyyəsində idi.
Agentlik Azərbaycanın kredit reytinqinin endirilməsini neftin ucuzlaşması, milli valyutanın devalvasiyası və 2015-ci ilin yekunları üzrə büdcə göstəricilərinin və iqtisadi vəziyyətin pisləşməsi gözləntiləri ilə əsaslandırır.
Bildirilir ki, Azərbaycan iqtisadiyyatı enerji daşıyıcılarının dünya bazarlarındakı qiymətlərindən asılıdır, bu da reytinqin formalaşmasına mənfi təsir edir.
“Neftin qiymətinin düşməsinə cavab olaraq fevral ayında manatın dollara nisbətdə kursu 33 faiz aşağı salınıb. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2015-ci ilin yekunları üzrə dövlət büdcəsinin kəsiri ÜDM-in 7,9 fazini təşkil edəcək və inflyasiya 7,8 səviyyəsində qərarlaşacaq. Monetar siyasətin alətlərinin məhdudluğu, ölkənin makroiqtisadi göstəricilərinin pisləşməsinə dair gözləntilər reytinqin səviyyəsinə mənfi təsir edib”- deyə agentliyin korporativ reytinqlər üzrə direktoru Pavel Mitrofanov bildirib.
Agentliyin qənaətinə görə, Azərbaycanın reytinqinə müsbət təsir göstərən amillər borc yükünün nisbətən aşağı olması, adambaşına düşən ÜDM həcminin qismən yüksək olması, məqbul dərəcədə yüksək investisiya potensialı, tədiyyə balansının müsbət olmasıdır.
Bundan əlavə, analitiklərin fikrincə, dövlətin fiskal siyasətinin keyfiyyəti yüksəkdir, işsizliyin səviyyəsi nisbətən aşağıdır, iqtisadiyyatın rəqabətdavamlılığı yüksək səviyyədədir, insttisuional inkişaf səviyyəsi yuxarıdır.