Rusiya bankları durğunluq və əhalinin real gəlirlərinin azalması ilə səciyyələnən yeni iqtisadi şəraitlə bağlı çıxılmaz vəziyyətə düşüb.
“Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu barədə bankların kredit riskini qiymətləndirən FICO şirkətinin hesabatında qeyd olunub. Sənədə əsasən, bankların problemli kreditlərinin həcmi hələ də yüksək səviyyədə qalmaqdadır.
Şirkətdən həmçinin bildirilib ki, “yeni şərait” Rusiya kredit bazarının yenidən qiymətləndirilməsinə səbəb olub. Belə ki, banklar təminat əsasında kredit vermək əvəzində daha riskli sayılan kredit kartları bazarını inkişaf etdirməyə başlayıb. Xatırladaq ki, Rusiyada problemli pərakəndə kreditlərin səviyyəsi son 7 ildə 16%-ə qədər artdıqdan sonra hazırda sabitləşib.
“Fitch” beynəlxalq reytinq agentliyindən Aleksandr Danilov bildirib ki, banklar öz ehtiyatları vasitəsilə problemli kreditlərin 90%-nə vəsait ayıra bilər. Digər tərəfdən, banklar restrukturizasiya edilən kreditlərə vəsait tapmaya bilərlər. Bu da onların böyük risklə üzləşməsinə səbəb olacaq.
“Yeni şərait” – 2008-ci il qlobal maliyyə böhranından sonra yaranan iqtisadi termindir. O zaman mütəxəssislər “yeni şərait”i aşağı iqtisadi artım və yüksək işsizlik səviyyəsi ilə xarakterizə ediblər. Qeyd edək ki, 2016-cı ilin fevralında Rusiyanın iqtisadi inkişaf naziri A.Ulyukaev qlobal və Rusiya iqtisadiyyatının “yeni şərait”ə daxil olduğunu, nəticədə sürətli iqtisadi atım gözləməyin yanlış olduğunu bildirib.
Report