“Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, ölkədə Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
“O ki qaldı Aleksandr Lukaşenko ilə danışıqlarımıza, buna səbəb Böyük Britaniyanın müdafiə nazirinin müavininin Ukraynaya tərkibində zəiflədilmiş uran mərmiləri tədarük etməyə hazırlaşdıqları barədə bəyanatı olub, bu, bir növ nüvə texnologiyası ilə bağlıdır. Bu hadisələrin kontekstindən kənarda belə, Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir”.
Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək “İsgəndər” raket kompleksini təhvil verib: “Aprelin 3-dən ekipajın təliminə başlayırıq və iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdırırıq”.
Rusiya lideri bildirib ki, artıq Belarus ərazisinə taktiki nüvə silahı daşıya bilən 10 təyyarə yerləşdirilib.
“Aleksandr Qriqoryeviç haqlıdır, deyir: yaxşı, qulaq asın, biz sizin ən yaxın müttəfiqinizik. Niyə amerikalılar öz müttəfiqlərinə bunu edir, öz ərazilərində yerləşdirilir, yeri gəlmişkən, ekipajlarına, pilotlarına lazım gələrsə, bu silah növündən istifadə etməyi öyrədirlər. Biz razılaşdıq ki, eyni şeyi edəcəyik – öhdəliklərimizi pozmadan, vurğulayıram ki, nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan biz artıq belaruslu həmkarlarımıza kömək etmişik və onların təyyarələrini, Belarus Hərbi Hava Qüvvələrinin təyyarələrini təchiz etmişik. 10 təyyarə bu tip silahlardan istifadə etməyə hazırdır”, – deyə Putin bildirib.
Qeyd edək ki, Böyük Britaniya Ukraynaya tərkibində zəiflədilmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.