Rusiya hökuməti benzin ixracına qoyulan qadağanı 2026-cı ilin sonunadək uzadacaq.
Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.
“Qərara gəldik ki, benzinin ixracına qoyulan qadağa həm istehsalçılar, həm də qeyri-istehsalçılar üçün ilin sonunadək qüvvədə qalsın”, – deyə Novak bildirib.
Onun sözlərinə görə, dizel yanacağının ixracına qoyulan məhdudiyyət isə bazarda vəziyyət normallaşdıqca mərhələli şəkildə aradan qaldırılacaq. Novak qeyd edib ki, bu addım neft emalı zavodlarında artıq ehtiyatların yaranmasının və emal həcmlərinin azalmasının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, Rusiyada bu yay logistika zəncirindəki dəyişikliklər səbəbindən yanacaq tədarükündə fasilələr yaranıb. Hökumət vəziyyəti sabitləşdirmək üçün bir sıra tədbirlər həyata keçirib və bu çərçivədə benzin və dizel yanacağının ixracına müvəqqəti qadağa tətbiq olunub. Qüvvədə olan məhdudiyyətin müddəti iyulun 31-də başa çatmalı idi.






