23 C
Baku
Thursday, April 25, 2024

“Rusiya bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir”

DÜNƏN PUTIN GƏNC ALIM və iş adamlari ilə görüşüb, özünü 1-ci Pyotrla müqaisə edib, böyük ölkə olmağın torpaqların genişləndirilməsindən (faktiki işğaldan) keçdiyini deyib, suverenliyin əsasını, böyüklüyün təməlini ərazi ilə ölçüb. Bir sözlə, tipik İmperiya düşüncəsidir, belə yanaşmanın bütün post-sovet məkanı üçün təhlükə olduğunu göstərir.

Bu gün orta statistik rusiyalı elə Putindir, əhalinin böyük əksəriyyəti də eyni belə düşünür, çünki elə “proqramlaşdırılıblar”, böyük ölkə olmağın, “İmperiya” modelinin iqtisadiyyat və əhalinin rifahı olduğunu qəbul etmək istəmirlər.

Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir “İmperiya” tipi, məsələn, Cənubi Koreyadır. Gəlin kiçik bir müqaisə aparaq: 1) 1991-ci ildə SSRİ dağlıb Rusiya müstəqil olan ildə Rusiyanın ÜDM-i 517 mlrd. dollar idi, sonra kəskin düşdü, 1996-cı ildə cəmi 396 mlrd. dollar oldu – eyni dövrdə, 1991-ci ildə C.Koreyanın ÜDM-i 367 mlrd. dollar idi, 1996-cı ildə isə 597 mlrd. dollar oldu, 2) Sonrakı dövrlərdə Rusiyanın ÜDM-i artmağa başladı, 2021-ci ildə ölkənin ÜDM-i 1 trilyon 780 milyard dollar olub – həmin il C.Koreyanın ÜDM-i isə 1 trilyon 800 milyard dollar olub, 3) 2021-ci ilin məlumatlarına görə Rusiyanın əhalisi 145 mln. 557 min nəfərdir, adambaşına düşən ÜDM isə 12200 dollar olub – Həmin dövrə C.Koreyanın əhalisi 51 mln. 780 min nəfər olub, adambaşına düşən ÜDM isə 34865 dollar olub. Adambaşına düşən ÜDM-ə görə Rusiya C.Koreyadan 3 dəfə geridədir, 4) 2021-ci ildə Rusiyanın ixracı 491 mlrd. 600 mln dollar olub ki, bunun da 60%-ə yaxını neft-qazdır – Həmin il C.Koreyanın ixracı 644 mlrd. 540 mln. dollar olub ki, bunun da tamamı real sektor, texnoloji məhsullardır, 5) Bu qədər resursa rəğmən sanksiyalardan öncə Rusiyanın qızıl-valyuta ehtiyatları 630 mlrd. dollar idi, indi 300 mlrd. dolları “dondurulub” – C.Koreyanın qızıl-valyuta ehtiyatları isə 452 mlrd. 300 mln. dollardır.

Rusiya, əslində bədbəxt ölkədir, bu qədər resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, İmperiyanı ərazi ilə ölçür, normal sistemi olsaydı Rusiya indi ABŞ-dan da 5 dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi. C.Koreyanın ərazisi Rusiyadan 170 dəfə, əhalisi 3 dəfə azdır, amma əsl müasir “İmperiyadır”, torpaqları yox, bazarları tutur, ərazini deyil də, əhalinin qarajlarını, ciblərini, evlərini “işğal” edir – nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, nə qədər ki, İmperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, post-sovet ölkələrinə təhlükə həmişə qalacaq. Ona görə də, Azərbaycan öz “de-jure” və “de-fakto” ittifaqlarını genişlədib möhkəmləndirməli, qardaş Türkiyə ilə inteqrasiya müqavilələri dərinləşdirilməlidir.

Şimalda həmişə Ayı olub, bu gün isə yaralı Ayı var, yaralı və ağlıni itirmiş Ayı..

Müəllif: Natiq Cəfərli
İqtisadçı-ekspert

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər