11 C
Baku
Monday, November 25, 2024

Rusiya Çinə qoşulub, bu onlar üçün problemləri artırıb [bloq]

ÇİNİN ARTAN GÜCÜ ABŞ və onun müttəfiqlərini əvvəlkitək narahat edir. Pekinin hipersəsli raketləri sınaqdan keçirməsi bölgə ölkələrini və Qərbi hərəkətə keçməyə məcbur edib. Bundan başqa Çin Rusiya ilə birgə Yaponiya sahillərinə yaxın sularda birgə hərbi təlimlər keçirib ki, bu da ciddi narahatlıq mənbəyinı çevrilib. Moskva “Çinlə birgə hərbi təlimlər üçüncü ölkələrə qarşı yönəlməyib” açıqlamasını səsləndirsə də, buna inanan azdır. ABŞ və bölgədəki müttəfiqləri bu təlimləri ciddi təhlükə mənbəyi hesab ediblər.

Böyük Britaniyanın “Financial Times” dərgisində yayımlanan məqalədə ABŞ və müttəfiqlərinin Çini durdurmaq üçün yeni plan hazırladığı bildirilib. Plan üzərində Pentaqon işləyib. ABŞ Müdafiə Nazirliyi hesab edir ki, Çinin yeni raketləri əvvəlki raketlərdən 5 dəfə daha sürətlidir.

Pekin Vaşinqtonun iddialarını qəbul etməyib. Çin Xarici İşlər Nazirliyi ordunun xüsusi raketlər hazırlamadığını, həmişəki sınaqlar keçirdiyini bildirib. Görünür, Pekin bu kimi açıqlamalarla Vaşinqtonu və qonşularını sakitləşdirməyə çalışır. Ancaq çətin ki, bu açıqlamalar bölgə ölkələrini sakitləşdirsin. ABŞ-ın kosmik qüvvələr komandanın yardımçısı Devid Tompsonun sözlərinə görə, Çin və Rusiya hipersəsli raketlərin istehsalında Amerikanı qabaqlamağa çalışır: “Biz təcili bu geriləməni aradan qaldırmalıyıq”.

Mövcud vəziyyətdən Yaponiya da narahatdır. Yaponiyanın xarici işlər naziri Esimasa Xayasi Çin-Rusiya birgə hərbi təlimlərinin ölkəsi üçün təhdid yaratdığını bildirib: “Biz həm Moskvaya, həm də Pekinə narahatlığımızı çatdırmışıq. Onların etdikləri regional təhlükəsizliyə ciddi təhdiddir”. Bu arada, ABŞ, Hindistan, Yaponoya və Avstraliya liderlərinin ikinci sammitinin gələn il Tokioda keçiriləcəyi açıqlanıb. Bu birlik Çinə qarşı formalaşıb.

Çinin və Rusiyanın hərbi inteqrasiyasında Cənubi Koreya da narahat olub. Çünki Seuldan yayımlanan açıqlamalarda Rusiya ilə Çinin hərbi təyyarələrinin Cənubi Koreyanın hava sahəsini pozduğu bildirilib.

Beləliklə, Çinlə hərbi inteqrasiya Rusiyaya baha başa gəlir. Məslə burasındadır ki, Rusiyanın Yaponiya, Cənubi Koreya, Hindistanla ikitərəfli münasibətləri bugünə qədər normal inkişaf edirdi. Ancaq Rusiya müdafiə sisteminin Çinlə əməkdaşlığı genişləndirməsi adı çəkilən dövlətlərin Kremlin siyasəti ilə bağlı sualların sayını artırıb.

Elxan Şahinoğlu,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Son xəbərlər
Digər xəbərlər