12 C
Baku
Saturday, November 23, 2024

Rusiya defolt olsa nə olacaq?

Banker.az-ın verdiyi məlumata görə, qeyd olunan suala Fariz Hüyseynli cavab tapmağa çalışıb.

İndiyə qədər Rusiya bir dəfə xarici borclarına defolt edib – 1918-ci ildə. Ondan sonra 1998-ci ildə daxili borclarını (rublda) ödəməyərək defolt edib, Sovetdən qalma xarici borclarında da müəyyən güzəştlər istəyib. Yəni defolt etmə çox ölkənin nadirən etdiyi hadisələrdəndir, çünki təsiri uzun müddət və ağır olur.

Rusiyanın borclarının çoxu rubldadı və daxildən borclanır. Təxminən 170 milyard dollar xaricə dollar borcu var, bunun çox böyük hissəsi özəl şirkətlərindir, cəmi 30-40 milyard dövlət borcudur. Yəni defolt olsa yəqin tarixin ən böyük defoltlarından olacaq. Bunun əvəzində Rusiya xarici valyuta rezervlərini artırmağa nail olub. İndi ödəyə bilmir, ona görə deyil ki, yoxudur, əksinə var rezervləri. İşğal prosesində də ona güvənib böyük ehtimalla. Amma indi bu rezervlərin böyük hissəsi dondurulub. Deməli borcun dollar-avro ödəməsi üçün vaxtı gələndə hardansa dollar-avro alıb ödəməlidir. Adətən borcların çoxunda 30 günlük əlavə müddət verilir və bəzilərində ola bilsin rubl ilə ödəmə imkanı olsun. Amma əksəriyyətini dollar ilə ödəməlidir.

Üçüncü gün növbəti ödəmə vaxtı gəlmişdi və dünən yazdığım kimi verilən xəbərlərə görə JP Morgan müxbir hesablardan pulu Citi banka göndərib ki, o da alacaqlılara göndərsin. Müxbir hesablar dondurulduğu üçün ABŞ Maliyyə Nazirliyi xüsusi icazə verib. Deməli donmuş hesablardan ödəmə edilib, yəni Rusiya istəsə də istəməsə də bu hesablar tam dondurulubsa və üzərində nəzarət varsa, ABŞ Maliyyə Nazirliyi imkan versə ödəmə olacaq, verməsə yəqin ki, yox.

İndi qayıdaq 1918-ci ildəki Çar Rusiyasının defoltuna. Rusiya bəlkə də dünyada ən çox iflas olub qalan borcun hamısını ən uzun müddətdə ödəyən ölkədir. Bu borcun hamısını 80-ci illərin sonunda ödəyib qurtarıb. Defolt olanda bir neçə istiqamətdə problem yaranır. Birincisi məhkəmə prosesi olur, xarici investorlar beynəlxalq məhkəməyə verir ölkəni və borcun ödənilməsi prosesi başlayır. Rusiya ilə bağlı ola bilsin bu imkan olmasın, çünki bəzi xarici borclarda suveren immunitetdən imtina etməyib, yəni borcumuzu ödəməsək bizi məhkəməyə vermə haqqı vermirik deyiblər. Amma yenə də investorlar beynəlxalq məhkəmə qurulmasına nail ola bilər. Hakim də deyə bilər ki, Rusiyanın bu borc müqabilində xaricdəki aktivləri müsadirə olunsun. Məsələn, Mərkəzi Bankın donduruluan aktivlərindən ödəmə edilə bilər. Yəni Rusiyaya dollar-avro verilməyəcək, amma ona aid olan və müsadirə olunan aktivlər borc ödəməsinə yönlənəcək.

İkincisi, bu məsələ həll olunana qədər Rusiyanın dövlət olaraq yenidən xarici valyutada borclanması mümkün olmayacaq. Məsələn Agrentina 2001-də defoltdan sonra 15 il sonra yenidən xarici valyutada borclana bildi. Beynəlxalq bazarlar defolt hallarını çox pis qarşılayır və Rusiyanın yenidən xaricdən borc ala bilmə imkanı çox azalacaq. Rusiya deyəndə mən əslində elə şirkətləri nəzərdə tuturam. Bu şirkətlərin isə dollara və avroya ehtiyacı var, çünki beynəlxalq şirkətlərdi və həm beynəlxalq maliyyə institutları ilə əlaqələr qurmalıdırlar, həm investisiya və ya idxal üçün dollar-avro ehtiyacını qarşılasın.  Ola bilsin, bütün dondurulan aktivlərin hesabına borcların hamısı ödənə bilər. Yəni bondları əllərində tutan investorlar deyə bilər ki, bütün borclar dərhal ödənsin və bunun üçün də dondurulmuş aktivlərdən istifadə edilsin. Həmin şirkətlərin xaricdəki aktivləri də müsadirə oluna bilər.

Bunun beynəlxalq investorlara təsiri nə olacaq? İndi əllərində Rusiya borc kağızları olana əlbəttə ən pis təsir edəcək. Artıq müharibə başlayandan 100 dollarlıq Rusiya bond kağızının bazar dəyəri təxminən 20-30 dollara düşüb. Amma üçüncü gün ödəmə olandan sonra biraz artıb dəyərləri. Bu həmin investorlar üçün böyük itkidir – amma inanmıram ki, onların portfelində ümumi həcm olaraq böyük yer tutsun.

Borc kağızlarını alanlar arasında həm də sığorta alanlar (CDS) var. İndi ola bilsin bu borc kağızlarına sığorta satan şirkətlərə yük düşəcək ki, sığortanı ödəsinlər. Amma onlar da fors major iddia edə bilərlər, aktivlərin dondurulması və oradan ödənməsi ilə bağlı müraciət edə bilərlər.

Bu variantlara baxanda, mənə daha uyğun olanı elə dondurulmuş aktivlərdən istifadə edib bütün ödəmələrin verilməsidir. Düzdür buna hüquqi prosesin necə olacağını bilmirəm. Rusiya Mərkəzi Bankının 300 milyarddan çox xarici valyuta ehtiyatı var. Yəni bütün dollar borclarını ödəməyə çatar.

İndi növbəti ödəmə Aprel ayının əvvəli olmalıdır, görək necə olacaq. Ümid edirəm o vaxta qədər Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyini təmin edən sülh anlaşması imzalanar.

 

Son xəbərlər
Digər xəbərlər