Avrasiya İqtisadi Komissiyasının şurası, 15 aprel 2020-ci ildən etibarən, idxal edilən sırf elektrik güc qurğusu ilə təchiz edilmiş nəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumlarının ləğv edilməsi barədə yeni qaydanın qüvvəyə mindiyini elan edib. Yeni sərəncam 31 dekabr 2021-ci ilədək qüvvədə olacaqdır.
Gömrük rüsumlarının tətbiqinin ləğv edilməsi yeni və istifadə olunmuş elektrik nəqliyyat vasitələrinə şamil ediləcək və Avrasiya İqtisadi Birliyinə üzv olan bütün ölkələrdə tətbiq ediləcəkdir – bunlar Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstandır. Mütəxəssislərin fikrincə, Avrasiya İttifaqının ərazisində elektromobillərinin geniş miqyaslı istehsalı olmadığı üçün, qəbul edilmiş qərar elektrokarların qiymətlərinin aşağı düşməsinə və onlara olan tələbatın artmasına səbəb olacaq, eyni zamanda, müvafiq infrastrukturun yaradılması və inkişafına öz töhfəsini verəcəkdir.
Rusiya bazarına elektrik avtomobillərini cəlb etməyə, ilk dəfə, 2014 və 2016-cı illərdə cəhd göstərilib, lakin, o zaman, güzəştlərdən yalnız hüquqi şəxslər faydalana bilərdilər. Bu səbəbdən də, Rusiyada elektrikli nəqliyyat vasitələrinin sayının artması qeydə alınmamışdı. Hazırda Rusiyada fəaliyət göstərən şirkətlər elektrokarların idxalı üçün onların dəyərinin 15 faizini ödəməlidirlər. Yeni qərarın tətbiqindən sonra, sıfır faiz dərəcəsindən fiziki şəxslər də yararlana biləcəkdirlər. Xatırladaq ki, bu günə qədər onlar elektromobilin dəyərinin 48-54 faizi arasında vergi ödəməli idilər.
Hazırda Azərbaycanda da, elektrik nəqliyyat vasitəsinin gətirilməsi üçün 15% həcmində idxal vergisinin ödənilməsi nəzərdə tutulur. Lakin, bu sahədə edilmiş dəyişikliyin lazımi effekt vermədinin şahidi oluruq. Güman edirəm ki, elektrik avtomobillərinin populyarlaşdırılması üçün, bizim də bənzər addım atmağımız gərəkdir.
©Autograph