“Rusiya geriyə böyük bir addım atdı”: referendum detalları

Rusiyada referendum oldu, konstitusiyaya dəyişikliklər edildi. Ötən dəfə yazmışdım ki, biz bunu AŞPA-nın Hüquq Komitəsinin videotoplantısında müzakirə etmişdik (iyunun 29-da). Rusiya xeyli tənqid olundu. Orada necə səs verdiyimi də yazmışdım. Burada indi dəyişikliklərin özü haqqında yazmaq istəyirəm. Rusiyanın bölgəmizə təsirini nəzərə alsaq, oradakı gedişatı diqqətlə izləməliyik.

Öncə onu yazım ki, referenduma 206 dəyişiklik çıxarılmışdı. Üstəlik, seçicilər bu dəyişikliklərin hamısına birdən səs verməli oldular. Bu, özlüyündə doğru deyildi. Venesiya Komissiyasının tənqidi rəyində də bunun yanlış olduğu yazılıb. Yeri gəlmişkən, bizdə 2016-cı ildə keçirilmiş referendumda hər dəyişikliyə ayrıca səs vermək olub. Belə də olmalıdır. Ayrıca, birdən-birə 206 dəyişikliyin referenduma çıxarılması da çeşidli şübhələr doğurur. Ondansa yeni konstitusiya qəbul olunardı. Mən dəfələrlə yazmışam ki, konstitusiyanın, ya da hər hansı başqa bir qanunun, referendmla qəbul olunmasına qarşıyam. Xalqa sadə sual verərlər ki, onun asan və birmənalı cavabı ola bilsin. Məsələn, “MDB-dən çıxaqmı”, “NATO-ya girəkmi” və s. Qanunların qəbulu çox mürəkkəb bir prosesdir, referendum onun üçün yaramır. Üstəlik, ölkədə demokratik seçki ortamı yoxdursa, referendumlardan asanlıqla sui-istifadə etmək olur. Ayrıca, Rusiyada keçirilmiş səsverməni heç referendum adlandırmadılar (burada özüm, qısa olsun deyə, “referendum” yazdım). Rusiyada indi “ümumrusiya səsverməsi” ifadəsi işlədilir. Burası belə. Gələk dəyişikliklərin özünə.

Əsas dəyişikliklər, təbii ki, hakimiyyətin quruluşu və təşkili ilə bağlıdır. Burada Rusiya geriyə böyük bir addım atdı. Məsələn:

  1. Putinin indiki və indikindən öncə olmuş prezidentlikləri sayılmayacaq və o, 2024-cü ildə yenidən Prezident ola biləcəksə, bu, onun birinci prezidentliyi sayılacaq. Ondan sonra o, hərəsi 6 il olmaqla, daha iki müddət Prezident ola biləcək;
  2. hökuməti formalaşdırmaq səlahiyyəti Dövlət Dumasına verilsə də, hökumətin siyasətini Baş Nazir deyil, Prezident müəyyən edəcək;
  3. güc qurumlarının rəhbərlərini təyin etmək səlahiyyəti Prezidentdə qalacaq, amma bunun üçün Dövlət Dumasının deyil, Federasiya Şurasının razılığı lazım olacaq;
  4. Prezidentin Federasiya Şurasına 30 üzv təyin etmək səlahiyyəti olacaq, onlardan 7-ni – ömürlük;
  5. Prezident ömürlük (vəzifəsindən gedəndən sonra da) toxunulmazlıq əldə etmiş olacaq;
  6. Prezident Baş Prokuroru Federasiya Şurasının razılığını alandan sonra təyin etsə də, bölgə prokurorlarını kimsənin razılığını almadan özü təyin edəcək (ona qədər onları Baş Prokuror təyin edirdi);
  7. Konstitusiya Məhkəməsinin sədrini və müavinlərini Prezident təyin edəcək;
  8. əlavə olaraq Dövlət Şurası adlı bir qurum yaradılacaq. Bu qurum Prezidentə həm parlamentdən, həm də hökumətdən gələ biləcək riskləri idarə etmək üçün lazımdır (faktiki olaraq, paralel hökumətdir);
  9. Prezident, parlament və hökumət üzvləri, qubernatorlar, prokurorlar, hakimlər və s. başqa dövlətin vətəndaşı ola, başqa dövlətdə yaşamaq, orada bankda hesab açmaq və daşınmaz əmlaka sahib olmaq hüquqlarına malik ola bilməzlər (bu, əslində, yaxşı dəyişiklikdir, güman ki, Putin onu, başqa məqsədlərlə yanaşı, məmurların Rusiyadan çıxartdıqları pulları ölkəyə qaytarmaq üçün edib).

Dəyişikliklərin bəziləri Rusiyada insan haqları sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Məsələn, dəyişikliyə görə, beynəlxalq qurumların (məs. Avropa İnsan Haqları Məhkəməsinin) qərarları Rusiya konstitusiyasına zidd sayılarsa, onların icrası mümkün olmayacaq. Venesiya Komissiyası buna mənfi rəy verib, doğru da edib. AŞPA-nın Hüquq Komitəsində Rusiya həm də buna görə tənqid olundu. Konstitusiya ölkənin əsas qanunudur, orası elədir. Ona görə də beynəlxalq müqavilənin konstitusiyaya uyğunluğu, ona qoşulmazdan öncə yoxlanılmalıdır. Müqaviləyə qoşulandan sonra onun icrasından imtina etmək yolverilməzdir. Onun başqa yolu var – müqavilədən çıxmaq.

Dəyişikliklərin arasında indiki kontekstdə beynəlxalq hüquqa uyğun olmayan daha biri var. Bundan sonra Rusiyada ərazinin hansısa hissəsini özgəninkiləşdirməyə yönəlmiş çağırışlar qanunazidd sayılacaq və cəzalandırılacaq.  Burada ifadə azadlığı ilə yarana biləcək problemi hələlik qoyaq bir qırağa. Əsas problem Rusiyanın zorla özünə birləşdirdiyi (məs. Kırım, Kuril adaları) və ya gələcəkdə birləşdirə biləcəyi ərazilərlə bağlı olacaq. Konstitusiyaya belə bir şeyi yazmaqla, Rusiya o əraziləri qaytarmaq istəmədiyini göstərmiş olur. Yeri gəlmişkən, konstitusiyada həm də Rusiyanın özünü SSRİ-nin varisi saydığı yazılacaq. Belə müddəa əvvəllər olmayıb, çünki Rusiya özünü SSRİ-nin varisi deyil, davamçısı sayıb. Düzdür, orada “öz ərazisi çərçivələrində” sözləri də yazılıb, amma Rusiyanın nə zaman və haranı özününkü sayacağını öncədən aydın bilmək olmur.

Bir neçə başqa dəyişiklik var ki, onların da məqsədi ölkədə avtoritar rejimin gücləndirilməsinə yönəldiyi aydın görünür. Məsələn, konstitusiyada Allaha inamın əcdadlardan miras qalması ilə bağlı müddəa olacaq. Bu, rus kilsəsinin mövqelərini gücləndirəcək və Rusiyada bolşevik inqilabına qədər olmuş dövlət-kilsə birliyinə oxşar bir münasibət sistemini yaradacaq. Ayrıca, Rusiyada rus xalqının dövlət formalaşdırıcı xalq olduğu da konstitusiyada yazılacaq ki, bunu da Rusiyadakı şovinist çevrələrdən yararlanmaq üçün yazıldığı güman olunur.

Burada ancaq ən önəmli və çox riskli saydığım dəyişikliklərdən yazdım.

Erkin Qərirli

MİLLİ MƏCLSİN DEPUTATI


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları