Şərait yaranarsa, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini istisna etmir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Gürcüstan vətəndaşlarının Rusiyaya səfərləri üçün viza rejiminin ləğvi perspektivlərinə gəlincə, biz bunu istisna etmirik”, – rusiyalı diplomat qeyd edib.
Diplomat vurğulayıb ki, dayanıqlı əlaqələrin mövcudluğu əsl dostluq, mehriban qonşuluq, ortaq tarix, mədəniyyət, mənəvi dəyərlər, milyonlarla insan taleləri ilə birləşən Rusiya və Gürcüstan xalqlarının maraqlarına cavab verir.
“Yüz minlərlə etnik gürcü ölkəmizdə yaşayır və öz potensialını uğurla həyata keçirir və son vaxtlar Gürcüstanda Rusiya vətəndaşlarının sayı artır”, deyə o əlavə edib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, 2012-ci ildə Moskva tərəddüd etmədən Tbilisinin ikitərəfli əlaqələrin normallaşması üçün təklif etdiyi kursu dəstəkləyib. “İndi isə çətin xarici vəziyyətə və diplomatik əlaqələrin olmamasına baxmayaraq, Rusiya-Gürcüstan əməkdaşlığı inkişaf edir. Bu ilin 11 ayı ərzində ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1.5 dəfə artaraq 2.2 milyard dolları ötüb. Bununla yanaşı turizm və pul köçürmələri sahələrində ticarət göstəriciləri artır”.
Qaluzin 2008-ci ildə Tbilisinin təşəbbüsü ilə diplomatik münasibətlərin kəsildiyini xatırladıb və təəssüflə bildirib ki, Gürcüstan onların bərpası imkanlarını regiondakı yeni reallıqlarla ziddiyyət təşkil edən siyasi tələblərlə əhatə etməkdə davam edir. “Beləliklə, top hələ də Gürcüstan tərəfindədir”, – deyə rusiyalı diplomat fikrini yekunlaşdırıb.