Rusiya Urals markalı nefti ABŞ sanksiyalarından sonra Hindistana böyük endirimlə təklif olunur, “Bloomberg” yazır. Agentliyin bildirdiyinə görə, söhbət ABŞ-nin “Rosneft” və “LUKOIL” kimi aparıcı Rusiya neft istehsalçılarına qarşı sanksiyalar tətbiq etməsindən sonra son iki ildə qeydə alınan ən aşağı qiymətdən gedir. bildirilir ki, endirim 7 dollar təşkil edir.
Qeyd edək ki, Hindistanın əksər neft emalı şirkətləri ötən həftə qüvvəyə minmiş “Rosneft” və “LUKOIL”a qarşı sanksiyalardan sonra Rusiya neftinin alışını demək olar ki, dayandırıb.
Lakin son günlərdə Urals markalı neftin ucuzlaşması Hindistan neft emalı şirkətlərinin mövqeyinə təsir edib və bəzi emalçılar artıq sanksiyalara düşməyən satıcılardan Rusiya nefti almağa hazır olduqlarını bildiriblər.
“Rosneft” və “LUKOIL”a qarşı sanksiyalar tətbiq olunmazdan əvvəl Urals üçün endirim bir barel üçün təxminən 3 dollar təşkil edirdi. ABŞ-nin məhdudiyyətlər tətbiq etməsindən sonra isə Hindistanın neft emalı şirkətləri daha çox Yaxın Şərq də daxil olmaqla digər regionlardan neft almağa başlayıblar.






