Rusiya iqtisadiyyatının artım tempi ortamüddətli perspektivdə inkişaf etməkdə olan ölkələrdən çox inkişaf etmiş ölkələrə yaxın olacaq. “Vestifinance.ru” saytı xəbər verir ki, bu proqnozla Rusiyanın Analitik Kredit Reytinqi Agentliyi (AKRA) çıxış edib.
Agentliyin proqnozlarına görə, Rusiya iqtisadiyyatı bu il 0,5%, 2018-ci ildə 0,6%, 2019-da 0,8%, 2020-ci ildə 0,9% və 2021-ci ildə 1,1% artacaq. AKRA 2017-ci ildə aşağı inflyasiya və iqtisadi artıma baxmayaraq, əhalinin real gəlirlərinin azalacağını proqnozlaşdırır. İnflyasiyanın artım tempinin zəifləməsi isə öz növbəsində istehlak qiymətləri və əmək haqlarının sabitləşməsinə gətirib çıxara bilər ki, bu da işsizliyin artması ilə nəticələnəcək.
Həmçinin, proqnozlara əsasən, neftin qiymətinin dünya bazarında artmağa davam etməsinə baxmayaraq, Rusiya Bankının (Mərkəzi Bank) sərt pul-kredit siyasəti nəticəsində inflyasiya aşağı səviyyədə qalacaq. Agentlik Rusiyada iqtisadi islahatların 2020-ci ildən sonra başlayacağını qeyd edib.