6 C
Baku
Sunday, December 15, 2024

“Rusiya iqtisadiyyatında ikinci resessiya dalğası ehtimal edilir”

Azərbaycanın ticarət tərəfdaşlarının bir çoxunun yer aldığı MDB ölkələrində iqtisadi proqnozlar ötən illə müqayisədə yaxşılaşıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub.

İcmalda vurğulanıb ki, 2017-ci ildə bu ölkələr qrupu üzrə ümumi artımın 1,7% olacağı proqnozlaşdırılır.

“Son 2 ildə resessiya yaşayan Rusiyanın 2017-ci ildə 1,4%-lik artımla tənəzzül zolağından çıxacağı gözlənilir. Yaxşılaşan maliyyə şəraiti, məcmu tələbin canlanması və stabil neft-qaz qiymətləri iqtisadi dirçəlişi şərtləndirən əsas amillərdir. Rusiyadakı bərpa prosesinin investisiya, ticarət kanalları və pul baratları vasitəsilə digər region ölkələrinə də müsbət təsir göstərəcəyi ehtimal olunur” – deyə sənəddə qeyd edilib.

© Sputnik / Dmitry Astakhov

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan iqtisadiyyatının Rusiya iqtisadiyyatından ən müxtəlif istiqamətlərdə kifayət qədər asılı olduğunu deyib: “Birincisi, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq xüsusilə də kənd təsərrüfatı məhsullarının və digər yerli istehsal olunan məhsulların ixrac edildiyi əsas bazarlarından biri sayılır. Bu baxımdan da Rusiyada iqtisadi vəziyyətin gərginləşməsi alıcılığa mənfi təsir göstərir. Bu da sonda Azərbaycandan Rusiya bazarlarına çıxış imkanlarına mənfi təsir edir”.

Ekspertin sözlərinə görə, ikinci əsas məqam odur ki, Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır: “Belə ki, ümumi azərbaycanlı mühacirlərin 70 faizindən çoxu məhz Rusiyada məskunlaşıb. Rusiyada iqtisadi vəziyyətin gərginləşməsi azərbaycanlıların ailələrinə göndərdiyi pul vəsaitlərinin həcminə mənfi təsir göstərir. 2014-cü ildən başlayaraq Rusiyadan Azərbaycana göndərilən, yəni, mühacirlərin ailələrinə göndərdiyi pul vəsaitlərinin həcmində kəskin azalma baş verib. Ümumiyyətlə, son nəticədə bu, Azərbaycana xaricdən daxil olan valyutanın həcminə mənfi təsir edir. Həm yerli valyuta bazarlarında müəyyən qədər təklifin həcminə, həm də üzvləri Rusiyada məskunlaşan ailələrin sosial vəziyyətinə mənfi təsirini göstərir”.

Onun fikrincə, Azərbaycan Mərkəzi Bankı manatın devalvasiyasının səbəblərindən biri kimi ölkəmizin əsas xarici ticarət tərəfdaşlarında, o cümlədən Rusiyada milli valyutaların devalvasiyasını göstərmişdi: “Yerli valyuta ucuzlaşdığı zaman idxal edilən məhsulların qiyməti bahalaşır. Belə bir risk yaranırsa, bu son nəticədə Azərbaycandan Rusiyaya daxil olan məhsulların maya dəyərinin bahalaşmasına gətirib çıxardır. Beləliklə də, yerli məhsulların bu bazarlarda rəqabət aparmaq imkanları məhdudlaşır. Bu kimi məqamları nəzərə alsaq, Azərbaycan Mərkəzi Bankının yanaşması müəyyən qədər həqiqətə uyğundur. Rusiya iqtisadiyyatının bərpası, inkişaf etməsi Azərbaycan iqtisadiyyatına müsbət təsirlərini göstərir”.

© AP Photo/ Fernando Llano

Ekspertin qənaətincə, böyük ehtimal ilə Mərkəzi Bank hesabatı hazırlayan zaman nəzərə almayıb ki, ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunmağa başlayacaq: “Böyük ehtimal ilə yaxın dövrlərdə Avropa İttifaqı ölkələri bu sanksiyalara qoşula bilərlər. Bu isə yenidən müsbət istiqamətə hədəflənmiş Rusiya iqtisadiyyatında gərginlik yaradan faktora çevrilə bilər. Beləliklə, qısa müddətli müsbət notlardan sonra Rusiya iqtisadiyyatı yenidən resessiyaya daxil ola bilər. Bu isə Azərbaycan iqtisadiyyatına müəyyən mənfi təsirlərini göstərəcək. Bu da hökumətin əvvəlcədən bu kimi risklərə qarşı müəyyən önləyici tədbirlər almasını zərurətə çevirən faktorlardandır. Yəni, bu məqamı unutmaq lazım deyil ki, Rusiya iqtisadiyyatında ikinci resessiya dalğası gözlənilir, ehtimal edilir”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Rusiya iqtisadiyyatı 1,5 milyard dollarlıq illik ÜDM-lə dünyanın ən böyük iqtisadiyyatlarından biridir: “Belə böyük iqtisadiyyatda baş verən tendensiyalar hər hansı şəkildə əlaqəli ölkə iqtisadiyyatlarına təsir edir. Rusiya iqtisadiyyatında baş verən tendensiyaların təsiri qaçılmazdır. Rusiya ilə Azərbaycanın iqtisadiyyatının tarixi əlaqələri, kifayət qədər ticarət dövriyyəsi var. Ciddi sayda vətəndaşlarımız orada iqtisadi fəaliyyətlə məşğuldurlar”.

Onun sözlərinə görə, cari ildə Rusiya iqtisadiyyatının resessiyadan çıxaraq böyümə mərhələsinə keçməsi müşahidə olunur: “Neft qiymətlərinin qaneedici səviyyədə olması, yerli istehsalın dövlət tərəfindən dəstəklənməsi, rublun digər valyutalar qarşısında nisbətən sabitləşməsinə səbəb olub”.

Ekspertin fikrincə, dünyada baş verən, xüsusilə Rusiya ilə bağlı məsələlər səbəbindən, hələlik “Rusiya iqtisadiyyatının bütün problemləri həll olub və bundan sonra böyüyəcək və iqtisadi inkişaf davamlı olacaq” demək çətindir: “Son 20 ildə – 1998, 2007 və 2015-ci illərdə 3 dəfə dərin iqtisadi böhran yaşamış ölkə iqtisadiyyatının qısa müddətdə davamlı böyüməyə sahib olması çətin görünür”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər