Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib. Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24 noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin pozulmasının qeydə alındığı bildirilir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuata açıqlamasında deyilir.
Açıqlamada deyilir: “Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz” adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR. Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə heç bir atəş açmayıb. Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq”.