Qərb ölkələri Rusiyadan tədarük olunan neftin qiymət həddini müəyyən edərkən bir barel üçün 63-64 dollar diapazonunda orta qiyməti əsas götürə bilər.
Reuters agentliyi mənbələrinə istinadla qiymət məhdudiyyətlərinin tətbiqi planlarının üzərində işlərin artıq başa çatmaq üzrə olduğu barədə məlumat yayıb.
Buna baxmayaraq, bir neçə məmur qiymət diapazonu ilə bağlı qərarın hələ verilmədiyini deyib. ABŞ Prezidenti Co Bayden administrasiyasının yüksəkvəzifəli nümayəndəsi hər hansı diapazonla bağlı xəbərləri yanlış adlandırıb və qiymət məhdudiyyətlərinin həyata keçirilməsi ilə bağlı bir çox ölkələrlə razılığın əldə olunmadığını bildirib.
Ağ evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrienn Uotsonun sözlərinə görə, Vaşinqton G7 və digər tərəfdaşlarla koordinasiyalı şəkildə Rusiya neftinin qiymətlərinə effektiv və sərt məhdudiyyətlər tətbiq etmək kursuna sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinə tətbiq ediləcək qiymət həddinin bir barel üçün 60 dollar ətrafında müəyyən oluna biləcəyini deyib.