25 C
Baku
Saturday, April 27, 2024

Rusiya növbəti strateji səhvini edəcək?

Yeni Dünya Düzəninin formalaşması yolunda önəmli yer tutan bir neçə hadisə və bu hadisələr fonunda Cənubi Qafqaza qısa nəzər salaq.

26 iyulda Nigerin Prezident qvardiyasının rəhbəri general Abdourahamane Tiani hərbi çevrilişlə hakimiyyəti ələ aldı. Tianiyə bu çevrilişdə əsas dəstək verən qüvvənin Vaqner qrupu olduğu bildirilir. Çevrilişdən dərhal sonra Tianinin tərəfdarları Niger və Rusiya bayraqları ilə küçələrə axışdılar. ABŞ, Qərb və Afrika dövlətlərinin bir çoxu çevrilişi tanımadıqlarını bildirdilər. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ingiliscə qısaldılmış ECOWAS) 15 üzv dövləti öz sıralarında birləşdirir və bu birliyin formalaşmış sülhməramlı kontingentinin Nigerə daxil olaraq Tianiyə qarşı çıxacağı müzakirələri aparılır.

Vaqner qrupunun bir hissəsi Belarusiyadan Rusiyanın anklav torpaq ərazisi olan Kalininqrada doğru irəliləyir. Polşa konkret olaraq bu hərbçilərin qaçqın kimi və ya digər formalarda Polşaya sızaraq təxribatlar törədəcəyi ehtimalını irəli sürüb.

Rusiyanın hərbi-dəniz donanması günündə (bu gün, 30.07.2023) Rusiyanın paytaxtı Moskva dronlarla vuruldu. Moskvanın sivil əhalisi də (başqa ölkələrin sivil əhalisinin hiss etdikləri) 2-ci Dünya Müharibəsindən sonra ilk faktiki müharibə hissini yaşadı.

Türkiyə ilə son günlərdə (Azov komandirlərinin Ukraynaya təhvil verilməsindən sonra) birbaşa təmaslardan qaçan Rusiya Putin-Erdoğan görüşünün olacağı anonsunu verdi. Hətta Putin Türkiyənin qaz qovşağına çevriləcəyi anonsunu da verdi. Arayış: Türkiyənin faktiki olaraq neft və qaz qovşağına çevrildiyi ilə bağlı öncəki yazılarımdakı fikirləri təkrarlamadan bir nüansı qeyd etməliyəm ki, Rusiya burada əsas qaz satışının Türkiyə üzərindən aparılacağını və konsentrasiyanın Türkiyə olacağını nəzərdə tutur. Bu bəyanatdan sonra Rusiya Ukrayna ilə sülh danışıqlarının mümkün olduğu mesajını verdi. Baş verənlər fonunda ABŞ və Qərbin bu mesajın səmimiyyətinə inanacağı şübhə doğurur. Nəticə etibarilə Türkiyənin yenidən Rusiya-Ukrayna müharibəsində vasitəçikörpü roluna geri dönəcəyi ehtimalı artır.

Rusiyanın da mərkəzində olduğu digər önəmli məsələ. 22-24 avqust tarixlərində Cənubi Afrikanın paytaxtı Johannesburgda BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) dövlətlərinin sammiti başlayır. BRICS dövlətləri ÜDM-lərinin cəminə görə ilk dəfə olaraq 2023-cü ildə Böyük Yeddilik (G7) dövlətlərinin ÜDM-sinin cəmini keçir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə 2023-cü ildə BRICS dövlətlərinin cəmi ÜDM-si qlobal ÜDM-nin 31.5%-ni, G7 ölkələrinin cəmi ÜDM-si isə qlobal ÜDM-nin 30.7%-ni təşkil edərək üstələyəcəkdir. Qeyd edim ki, 40-a yaxın dövlət BRICS birliyinə üzv olmaq istəklərini ifadə etmişlər. Bunların içərisində əsas böyük dövlətlərdən Səudiyyə Ərəbistanı, İran və Argentinanı qeyd etmək olar.

BRICS sammitində diqqət çəkən 3 əsas faktor:

Birincisi, həmin sammitdə faktiki olaraq Rusiya prezidenti Putin iştirak etməyəcək. Əsas səbəb kimi Putinin həbs təhlükəsi göstərilir. Əlbəttə, onlayn iştirak istisna olunmur.

İkinci ən önəmli faktorlardan biri budur ki, uzun müddət haqqında danışılan dollara alternativ rezerv valyutanın BRICS dövlətləri tərəfindən təsis olunması və ya Çinin valyutası olan Yuanın rezerv valyuta kimi qəbul olunması məsələsi gündəlikdə yoxdur. BRICS dövlətləri bəyan edirlər ki, belə bir məsələ müzakirə mövzumuz deyil. Arayış: hər nə qədər populist və sensasiyalı səslənsə də, dollara alternativ rezerv valyuta təsisinin əsassız və boş bir xülya olduğunu petrodollar sistemini və dünya maliyyə sistemini dərk edən iqtisadçılar gözəl anlayırlar. Bunun üçün ilk növbədə dünyanın bank-maliyyə sistemi dəyişməli (çökməli) və yeni valyuta iqtisadi-monetar-fiskal və digər tələblərə cavab vermək iqtidarında olan dolların gücündə ola bilməlidir. Bəlkə bu 20-50-100 il sonra olacaq, amma 2023-cü ildə və növbəti 5-10 ildə deyil). BRICS dövlətləri bu spekulyativ müzakirələrin də bağlandığını qeyd etməklə əslində mövcud qlobal iqtisadi və siyasi gerçəklikləri qəbul etdiklərini etiraf edirlər.

Üçüncü diqqət çəkən faktor isə, Səudiyyə Ərəbistanı və İranın BRICS-ə üzvlüyünə məhz Çinin və Braziliyanın qarşı çıxmasıdır. Sammitə qədər bu mövqelərdə dəyişiklik olub olmayacağını iddia etmək doğru olmasa da, hər bir halda BRICS dövlətlərinin ABŞ və Qərbi qıcılandıracaq addımlar atacağı ehtimalı azdır. İlk səthi baxışda Səudiyyə Ərəbistanı və Çinin iqtisadi əlaqələrinin inkişafı, hər iki dövləti birləşdirən bir mərkəzin (London) olması kimi faktlar gözə çarpsa da, ABŞ və Qərb amilini nəzərə alaraq kəskin qarşıdurma yaratmaqdan çəkinmə meylləri açıq-aşkar görünməkdədir. BRICS məsələsinə Londonun baxışı daha mötədil olsa da, Rusiya və Çin faktoruna görə ABŞ və Qərbin mövqeyi həm sərt, həm də ehtiyatlıdır. Arayış: Bir sıra dövlətlərin mövqeləri və hansı nüfuz dairəsində olması məsələsi aydın olsa da, Yaxın Şərqdə bir neçə əsas dövlətin, o cümlədən Səudiyyə Ərəbistanının və Afrika dövlətlərinin məsələsində tam aydınlıq yoxdur. Yaxın Şərq barıt çəlləyinə bənzədiyi üçün Rusiya daxil bir çox dövlətlər bura müdaxilə etməyə çəkinirlər. Lakin, Afrika məsələsi nisbətən fərqlidir. Rusiya Afrikada öz payına israr edir və burada əsas icraçı güc isə Vaqner olaraq qalmaqdadır.

BRICS dövlətlərinin ABŞ və Qərbə qarşı öncəki illərdən fərqli olaraq daha ehtiyatlı mövqe sərgiləməsi, Rusiyanın öz iqtisadiyyatı və siyasi nüfuzu ilə bağlı artmaqda və dərinləşməkdə olan təhlükələri daha açıq hiss etməsi, lakin birdəfəlik geri çəkilmənin də sonu olacağını anlaması, ABŞ-ın post-pandemiya dövründə iqtisadiyyatını ən sürətli bərpa edən və iqtisadi gücünü artırmaqda davam edən iqtisadi güc mərkəzi və dövlət olması (Arayış: hadisələrin də gedişatı göstərdi ki, dolların dünyanın ehtiyat valyutası kimi çəkisinin aşağı düşməsi səsləndirilən əsas əks arqumentlərdən biri olsa da, bunun ABŞ-a mənfi təsiri demək olar ki, yoxdur. Əksinə, son 5-10 il ərzində ABŞ dollarına qarşı çıxan və alternativ ehtiyat valyutadan danışan bir çox dövlət bu gün ya dollar qıtlığı, ya da dolların yüksək kursu şokunu yaşayır. Haızrda həmin dövlətlərin bir çoxu öz iqtisadi siyasətlərində ciddi düzəlişlər etməkdədirlər. Yəni, ilk baxışda ABŞ-ın əksinə gedən bu proses əslində bir sıra ölkələri buna sövq edib iqtisadiyyatlarını çökdürüb yenidən dizə gətirmək kimi ağıllı bir siyasət idi. 2017-ci ildən indiyə qədər bu mövzuda yazdığım bütün məqalələrdə və çıxışlarımda ABŞ-ın bu hiyləgər avantürasına aldanmağın hər bir dövlət üçün ciddi təhlükələr doğuracağını vurğulamağımın ciddi iqtsadi əsasları var idi.) Yeni Dünya Düzənində fürsətcil olmaq istəyən bir sıra dövlətlərin öz mövqelərində siyasi-iqtisadi gerçəkliklərə uyğun düzəlişlər etməsini göstərir. Səhnədə Rusiya, Çin və Avropa olsa da, əsas 2 güc mərkəzinin (ABŞ və Britaniya) dəyişməz olaraq qaldığı aydındır.

Ölkəmizin də olduğu Cənubi Qafqaza gəlincə. Rusiya Cənubi Qafqazı faktiki olaraq itirdiyini anlayır. Lakin, buradan çəkilmənin və ya güzəştin qarşılığında nələrsə əldə etmək naminə manevrlərə, dirənmələrə, təxribatlara davam edəcək. Rusiya hər tərəfdən ciddi itki və təzyiq altındaır. Şimalda İsveç NATO üzvü olur, şərqdə Yaponiya Kuril adalarını istəyir, Çinin dilə gətirməsə də daha çox torpağa ehtiyacı var, Orta Asiya həm siyasi, həm iqtisadi mövqelərində faktiki olaraq Rusiyadan uzaqlaşıb və uzaqlaşmaqda davam edir. Qafqazda isə qarşıdurmaya getmək böyük qüvvələrlə yeni cəbhədə toqquşmaq deməkdir ki, Rusiya buna hazır deyil və elə bir gücü qalmayıb. Həm də əlavə olaraq Türkiyəni də itirmək istəmir. Əgər itirmək istəsəydi, Azov komandirlərinin Ukraynaya geri qaytarılmasından sonra yenidən görüş və danışıqlar haqqında danışmaz, əksinə körpüləri yandıra biləcək sərt bəyanatlar səsləndirərdi. İqtisadi sahədə də (2015-ci ildə Rusiyanın təyyarəsi vurulduqdan sonra Türkiyəyə qarşı atdığı sərt iqtisadi və siyasi addımlar yadımızdadır) hər hansı addım atmağa imkanı yoxdur, əksinə bu gün Türkiyə Rusiya üçün bir nəfəslik rolunu oynayır.

Yekun olaraq, dünya həssas bir dövrdədir. Hər hansı bir dövlətin belə bir həssas dövrdə özbaşınalıq edərək şıltaqlıq etməsi, qlobal layihələri pozmaq, həmin layihələrə qarşı çıxmaq ehtimalının çox aşağı olduğu açıq-aşkar görünməkdədir. Bəzi dövlətlər qazanır, bəziləri ilə bağlı məsələlər hələ müzakirə mövzusudur, bəziləri isə itirir. Rusiya da itirdiklərini dərk edir. Lakin, Rusiya üçün itirmək dedikdə nə nəzərdə tutulur? Rusiyaya açıq mesajlar verilməkdədir ki, ya işğal etdiklərinin bir hissəsini geri qaytarmaq, ya da dövlət və hakimiyyətin mövcudluğunun təhlükə altında olması.

Nəhayət sonda qısa bir qeyd. Vaqnerin Polşaya təhlükə yaratması əslində son zamanlarda bəzi ağır yeni silahlarını Ukraynaya verməkdə tərəddüd edən, Rusiyaya qarşı yumşaq mövqeyə keçmək istəyən bir sıra Avropa dövlətlərinə ciddi siqnal, mesaj və xəbərdarlıqdır. Yəni, sərt mövqedə olmasanız, Vaqneri Avropanın mərkəzində görərsiniz. Rusiyanın Ukraynadan sonra ikinci böyük strateji səhv edəcəyini düşünmürəm. Çünki, Polşa Niger deyil. Avropa Afrika deyil. Əgər Afrikada bir neçə ölkə güzəştə gedilərsə, (Putinin bir neçə gün öncə Afrika liderləri ilə Sankt-Peterqburqda görüşü və bu görüşə dünyanın sakit reaksiyası təsadüfi olmasa da, Rusiyanı eyforiyaya sövq etməməlidir) bu güzəştin Avropada da olacağı demək deyil. Qısası, bu səhv ediləcəksə, onda Rusiya o Rusiya deyil. Sözün hər mənasında.

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər