13 C
Baku
Thursday, November 7, 2024

Rusiya növbəti üç ayda gündəlik neft hasilatını 100 min bareldən çox artıracaq

“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində Rusiya may-iyul aylarında gündəlik neft hasilatını ümumi olaraq 114 min barel artıracaq.

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, neft hasilatı üç ay ərzində tədricən artırılacaq.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel artıracaq.

Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə 2021-ci ilin yanvarından etibarən hər ay keçirilmiş iclaslarda yanvar ayı üzrə hasilat məhdudiyyətləri fevral, mart və aprel aylarında sabit saxlanmışdır. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 mln. barel, iyunda, 6,2 mln. barel, iyulda isə 5,76 mln. barel müəyyənləşdirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər