ABŞ ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfərə yola düşür.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu gün Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada uçurlar: “Çərşənbə axşamı Ər-Riyadda onlar amerikalı həmkarları ilə ilk növbədə Rusiya-Amerika münasibətlərinin bütün spektrinin bərpasına həsr olunacaq görüş keçirəcəklər. Bu görüş həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanmasına və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq”.
Kremlin sözçüsü Rusiyanın Ər-Riyadda keçiriləcək danışıqlarda Yaxın Şərqdəki vəziyyəti də müzakirə etməyə hazır olduqlarını vurğulayıb: “Əgər bu mövzuya hansısa formada toxunularsa, o zaman nümayəndələrimiz bu mövzunu da müzakirə etməyə hazır olacaqlar”.
Peskov Ukrayna üzrə danışıqlar ərəfəsində “xüsusi hərbi əməliyyat”ın dinamikasını da qiymətləndirib: “Hələ ki “xüsusi hərbi əməliyyat” davam edir. Onun dinamikası yaxşı məlumdur. Bütün ekspertlər bu dinamikanı görür və qeyd edirlər”.