Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.
Rusiya XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, bəyanatda deyilir: “Ermənistan Respublikasının Baş Naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Federasiyasının Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq istəyi ilə bağlı müraciəti ilə əlaqədar olaraq, Rusiyanın Ermənistana münasibətdə 27 avqust 1997-ci il Müqaviləsində əks olunan müttəfiqlik öhdəliyini bir daha təsdiqləyirik. Müqaviləyə uyğun olaraq Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımı olan bütün köməkləri göstərəcək”, – deyə bəyanatda vurğulanıb.
Rusiya XİN bəyanatında Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin bu il oktyabrın 10-da Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq baza prinsiplər əsasında münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərini yenidən dərhal atəşkəsə, gərginliyin azaldılmasına və substantiv danışıqlara qayıtmağa çağırır.