Rusiya hökuməti Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələri Nazirliyi iştirakı ilə ölkədə pirat proqram təminatının leqallaşdırılması imkanlarını nəzərdən keçirir.
Bu, o deməkdir ki, ondan istifadəyə görə heç bir inzibati və ya cinayət məsuliyyəti daşınmayacaq. Bu ideya Rusiyada məşhur olan proqramların tərtibatçılarının ölkəni kütləvi şəkildə tərk etmələri fonunda rusiyalılara dəstək tədbiri kimi qiymətləndirilir.
Martın 2-də hazırlanan “Xarici sanksiyaların təzyiqi şəraitində Rusiya iqtisadiyyatının inkişafının təmin edilməsi üzrə prioritet tədbirlər planı”nda qeyd olunur ki, Rusiyada onlara qarşı sanksiyaları dəstəkləyən ölkələrin “müəllif hüquqları sahibinə məxsus” lisenziyasız (pirat) proqram təminatından istifadəyə görə təqibi ləğv edilə bilər.
“Kommersant”ın vəziyyətlə tanış olan, adının çəkilməsini istəməyən mənbəyə istinadən verdiyi məlumata görə, bu plan Rusiyanın bir sıra idarələrinin mütəxəssislərinin əməyinin bəhrəsidir. O, konkret kimin sənəd üzərində işlədiyini açıqlamayıb, lakin qeyd edib ki, Rusiya artıq orada göstərilən bəzi tədbirləri həyata keçirməyə başlayıb.
Mövcud geosiyasi vəziyyət fonunda bir neçə gün ərzində onlarla xarici şirkət Rusiyanı tərk edib. Onların arasında dünyanın ən populyar əməliyyat sisteminin (“Windows”) və çox populyar ofis paketinin (“Office”) tərtibatçısı olan ABŞ-ın “Microsoft” korporasiyası da var.
Hazırda Rusiya qanunvericiliyi pirat proqramlarının harada hazırlanmasından asılı olmayaraq – Rusiyada və ya xaricdə istifadəsinə görə bir sıra sanksiyalar nəzərdə tutur. Konkret vəziyyətdən asılı olaraq cəza həm inzibati, həm də cinayət xarakterli ola bilər.