6 C
Baku
Thursday, December 5, 2024

Rusiya qaz şantajını taxılla əvəz etməyə çalışır: iqtisadçı

2 gün öncə İstanbulda 4 tərəf (BMT, Türkiyə, Rusiya və Ukrayna) arasında Ukrayna taxılının dünya bazarlarına çıxarılması ilə bağlı saziş imzalandı. Sazişə əsasən:
– Ukraynanın 3 limanından (Odessa, Çernomorsk və Yujnıy) taxıl konteynerləri yüklənərək müəyyən olunan taxıl koridoru ilə İstanbula daşınacaq;
– İstanbulda 2 həftə ərzində Türkiyə və BMT nümayəndələrinin monitorinqi altında olacaq mərkəz yaradılacaq;
– İstanbuldan geri qayıdacaq gəmilərdə Ukraynaya silah və digər hərbi məqsədli yüklərin daşınmamasına BMT və Türkiyə nəzarət edəcək və cavabdeh olacaq;
– Rusiya koridordan sui-istifadə edərək Ukraynanın həmin 3 limanına sudan, qurudan və havadan hər hansı hücum etməyəcək. Gəmilərin təhlükəsizliyinə zəmanət verir. Digər texniki şərtləri sadalamağa lüzum yoxdur.
Qeyd olunan 4 əsas şərt Rusiya və Ukraynanı narahat edən əsas risklərin yumşaldılması və sui-istifadələrin qarşısını almaq üçün kifayət idi.
Və…ertəsi gün Rusiya Odessa limanına raket zərbəsi endirir. Öncə bu zərbəni endirmədiyini iddia edir, ardınca zərbənin hərbi obyektlərdən birinə endirdiyini qeyd edir. Hər 2 tərəfdən müxtəlif iddialar mövcuddur. Əslində nə baş verir?
Əgər Suriyada son bir neçə gündə İdlibin Rusiya tərəfindən bombalanması və sivil vətəndaşların ölümü baş verməsəydi, Odessaya olan raket hücumunun provokasiya olma ehtimalına az da olsa inanmaq olardı. Amma Suriyada Türkiyənin əməliyyatlar barədə xəbərdarlığından dərhal sonra atılan bu addım planları pozmaq, vəziyyəti gərginlikdə saxlamaq istəkləridir. Rusiya hər yerdə planları pozmaq, qarışıqlıq yaratmaqla özünə qarşı güzəştlər əldə etməyə çalışır. Bu bir iddia deyildir. Rusiyanın dünyaya açıq mesajıdır;
İndi isə Ukrayna taxılının dünya bazarlarına çıxarılmamasında Rusiyanın əslində niyə maraqlı olmaması, lakin bunun açıq-aşkar əleyhinə olduğunu ifadə etməməsi səbəblərinə nəzər salaq.
Əvvəla, Ukraynada hazırda 20 milyon tondan çox taxıl dünya bazarlarına çıxarılmalıdır. Ukrayna Prezidenti də 10 milyard dollarlıq taxılın imkan verilərsə qısa müddətdə dünya bazarlarına çıxış üçün hazır olduğunu bildirir. Bu məsələnin hər kəs tərəfindən bilinən və dəfələrlə səslənən, aysberqin isə görünən tərəfi…Əslində bu taxılın dünya bazarlarına yaxın 3 ayda çıxmaması Ukraynada hazırda biçilməkdə olan taxılın faktiki olaraq yığılması üçün müəyyən əngəllər formalaşdırır. Çünki, anbarlar boşalmalıdır ki, bu mövsümün taxılı anbarlara yığılsın. Deməli, bu il taxıl yığımında və anbarlara yerləşdirilməsində sıxıntılar olarsa ehtiyatlar daha az olacaq. Gələn il üçün də dünya bazarlarında gərginlik, çatışmazlıq və qiymət artımları davam edə bilər. Rusiya isə məhz bunları nəzərə alaraq ciddi bir şəkildə taxıl ehtiyatları formalaşdırır. Qaz şantajını növbəti dövrlərdə ərzaq şantajı ilə əvəz etməyi nəzərdə tutması ehtimalı artır.
İkincisi, ABŞ və Avropaya inkişaf etməkdə olan və kasıb ölkələr tərəfindən təzyiq formalaşdırmaq düşünülür. Bu fikri dəqiqləşdirmək üçün Ukraynanın taxıl ixracı, həcmi, payı və ixrac etdiyi ölkələrin siyahısına nəzər salaq.
– 2021-ci ildə dünyada buğda ixracının 91.8%-i 15 ölkənin payına düşüb (ölkələrin idxal etdikləri taxılın dollarla ifadəsi və ümumi buğda ixracında payı %-lə):
1. Rusiya 7,3 milyard dollarla 13.1%; 2) ABŞ 7,29 milyard dollarla 13.1% ; 3) Avstraliya 7.2 milyard dollarla 13%; 4) Kanada 6.6 milyard dollarla 11.9%; 5) Ukrayna 4.7 milyard dollarla 8.5%; 6) Fransa 4.6 milyard dollarla 8.2%; 7) Argentina 3 milyard dollarla 5.3%; 8) Almaniya 2 milyard dollarla 3.6%; 9) Rumıniya 1.8 milyard dollarla 3.3%; 10) Hindistan 1.7 milyard dollarla 3.1%; 11) Bolqarıstan 1.4 milyard dollarla 2.5%; 12) Qazaxıstan 1.1 milyard dollarla 1.9%; 13) Polşa 994.3 milyon dollara 1.8%; 14) Litva 826.2 milyon dollarla 1.5% və 15) Macarıstan 670.8 milyon dollarla 1.2%-lik paya sahib olmuşlar. Xatırladım ki, bu təkcə buğda ilə bağlı göstəricilərdir. Məhz çörəklə bağlı daha aydın mənzərə üçün arpa və digər dənli bitkilərin göstəriciləri bura daxil edilməyib. Hazırda isə mövzu 10 milyard dollarlıq taxılın (burada mövzu təkcə buğda deyil, həm də arpa və digər dənli bitkilərdir) dünya bazarların çıxarılmasıdır. Aydındır ki, arpa çatışmazlığı isə yem qiymətləri və heyvandarlığın maya dəyərinin yüksəlməsi deməkdir;
2. Gördüyümüz kimi, Ukrayna ilk beşlikdədir və dünya buğda ixracında 8.5%-lik paya sahib olmuşdur ki, həmin payın hamısı və ya bir hissəsinin bazarlara çıxmaması həm qiymətə, həm də bir çox ölkələrdə vəziyyətin gərginləşməsi və ciddi çatışmazlıqlara səbəb ola bilər. Çünki, Ukrayna (həmçinin Rusiya) taxılını daha çox inkişaf etməkdə olan və kasıb ölkələr idxal edir. Aşağıdakı siyahıda isə ölkələrin 2020-ci ildə cəmi taxıl idxallarında Ukrayna taxılının payına nəzər saldıqda hansı ölkələrin yüksək risk qruplarında olması ilə bağlı daha aydın təsəvvür yaranır:
1) Moldova – 92%; 2) Livan – 81%; 3) Qətər – 64%; 4) Tunis – 49%; 5) Liviya – 48%; 6) Pakistan – 48%; 7) İndoneziya – 29%; 8) Malaziya – 26%; 9) Misir – 26%; və 10) Banqladeşin taxıl idxalının 25%-ni Ukrayna taxılı təşkil edir. BMT-nin Baş Katibi Ukrayna taxılının dünya bazarlarına çıxarılmaması bir sıra Afrika, Asiya və Yaxın Şərq ölkələrində aclıq risklərini artırır dedikdə bu rəqəmləri nəzərdə tutur.
Qeyd olunan 2 əsas amilə əlavə olaraq 3-cü əsas amil isə Rusiyanın taxıl bazarında növbəti dövrlərdə yaranacaq gərginlikdən məharətlə istifadə etmək istəyidir. Rusiya dünya ərzaq böhranı olarsa həll yolu üçün yeganə açar ölkə statusu əldə etməyi planlayır. Amma, bu imici formalaşdırana qədər ABŞ və Avropa məsələni dünya gündəminə gətirib Rusiyanı dünya ərzaq böhranı və inflyasiyanın əsas günahkarı elan edəcək. Baş verəcək reqresiya, böhran və xaosların isə əsas səbəbi ərzaq qiymətləri və inflyasiyanın olduğu da vurğulanmaqla bütün problemlərin kökündə Rusiyanın olması aydın olur. Əgər bu kontollu bir senaridirsə, deyiləcək bir söz yoxdur. Əgər Rusiya doğrudan da Hillari Clintonun da dediyi kimi qırmızı xəttləri keçərək buna səbəb olursa və vəziyyət nəzarət altından çıxarsa, bu gedişatın Rusiyanın dövlətçiliyinə xidmət etməməsini əlbəttə hər kəs anlayır. Bu qədər böyük bir oyunun bir parçasına, ən əsası isə günahkarına çevrilməyin riskini Rusiyanın özü də anlayaraq məhz ərzaq məsələlərində ciddi bir əngəl olmayacağına, praqmatik və sağlam düşüncənin qalib gələcəyinə inanmaq istəyi bütün dünyada, o cümlədən hər birimizdə hələ də qalmaqdadır.
P.S. Rusiya-Ukrayna müharibəsinin 3-cü günü qeyd etdiyim bir fikir var idi. Rusiya Ukrayna bataqlığına düşdü və bundan sonrakı dövrdə dünyadakı geosiyasi oyunları pozmaq, bütün dünyaya qarşı oyun qurmaq iddialarında olacaq və bu istiqamətlərdə addımlar atmağa çalışacaq. Amma..bütün dünyaya qarşı çıxan heç bir dövlət təkbaşına qalib olmayıb. Bu da dünya siyasəti və tarixinin pozulmaz bir qanunudur..

Müəllif: Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər