Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert
RUSİYA QOŞUNLARI UKRAYNAYA daxil olacaq dedilər. Rusiya qoşunları Ukrayna sərhədlərinə yığmağa başladı. Rusiya bütün Ukraynanı işğal etmək, Kiyevi tutmaq, hakimiyyəti devirmək istəyir dedilər. Rusiya tərəddüd edirdi. Sonra vaxtı dedilər. 20 fevralda daxil olacaq dedilər. Rusiya Ukraynaya təcavüz etdi və özünü tələyə saldı. SSRİ-nin Əfqanıstana daxil olaraq öz sonunun başlanğıcının əsasını qoyduğu kimi..
Rusiyanın təcridi prosesi başladı. Yeni düzəndə Rusiyanın yeri görünmür mesajı verildi. Təbii ki, gördüyümüz pərdənin arxasında daha böyük proseslər baş verir. Məsələn, bu gün faktiki olaraq Rusiyanın resursları (nefti, meşələri, əlvan, ağır və qiymətli metalları və sair) dünya qiymətlərindən 30, 40, 50% diskontla daşınır, satılır…
Rusiya zərərinin yarısından dönmədi. Əksinə səhvini səhvlə əvəzləməyə davam etdi. Aydınlaşmağa başlayan siyasi gedişin bir hissəsi kimi məntiqsiz görünən həmin hadisələrin əslində dərin məntiqi var…
İndi isə Rusiya atom silahından istifadə edəcək deyirlər. Rusiya hərəkət etmir. Deyirlər, Rusiya Prezidenti zarafat etmir, blef etmir. Yəni, istifadə edə bilərsən deyilir. Rusiya səbrimizin həddi var deyir. Bunu eşidən kimi, Ukraynada poliqonu işarə edirlər ki, Rusiya atom silahını burada tətbiq edəcək. Yəni, sən o poliqonda o nüvə silahını tətbiq et, istifadə et. Rusiya böyük ehtimalla anlayır ki, artıq onun nüvə silahından istifadə etməsindən qorxmurlar, əksinə bu şantaja qarşı əks plan hazırlanıb və o silahın məhz tətbiqini istəyirlər…
Rusiya böyük, dərin dövlət olduğunu, güclü kəşfiyyatının olduğunu iddia edən böyük bir imperiyanın varisi kimi böyük iddialara malik idi. Ola bilər ki, kəşfiyyatı güclü idi. Amma, o kəşfiyyat məlumatlarını düzgün emal etməli olan beyin mərkəzləri zəif olub. Ya da o beyin mərkəzlərinin xidmətlərinə ehtiyac hiss edilməyib. Əks halda bu günki vəziyyətini heç olmasa cəmi 8 ay öncə, bu ilin fevralında görməli idi.
Dünya beyinlə, ordular yeni texnologiyalarla idarə olunur. 20-30 il sonranı planlayan və strategiyalarını qısa müddət olaraq 2030, orta müddət 2040, uzun müddət olaraq 2050-ci il üçün qurub ona doğru gedən dövlətlərlə mübarizə etmək iddiasında olan dövlət belə bir tələyə düşürsə, müasir silahlar və yeni müharibə taktikalarını görə-görə (heç olmasa Qarabağ müharibəsini doğru təhlil etsəydilər əminəm ki, Ukraynaya ya daxil olmazdılar, ya da ən pis halda müvafiq hazırlıq görmədən daxil olmazdılar) metallomu Ukraynaya göndərməzdi.
Hamı texnologiyanın gücünə inanır. O texnologiyanı da beyinlər yaradır. Beyinlərin gücünü dərk etmədən, görmədən, ona inanmadan bundan sonrakı dünyada nəinki güclənmək, yeni imperiya qurmaq, heç bircə addım da irəli getmək olmayacaq.