9 C
Baku
Friday, December 13, 2024

Rusiya şirkəti Çinlə ticarətdə dollardan imtina etdi, yuana keçdi

Rusiyanın “Novatek” qaz şirkəti Çinə mayeləşdirilmiş təbii qazı (LNG) bu ölkənin milli valyutası yuanla satmağı planlaşdırır.

“Novatek”in prezidenti Leonid Mikhelson Çinə bəzi məhsulları yuanla satmağı planlaşdırdıqlarını deyib: “Biz bunu düşünürük. Bu, doğru fikirdir. Rusiya və Çinin əsas bankları bu məsələ üzərində çalışır”.

“Novatek” 2025-ci ilə qədər 37,5 milyon ton LNG istehsal etməyi və bunun 80 faizini Asiyaya satmağı hədəfləyir.

L.Mikhelson hazırda 300 milyon ton olan qlobal LNG tələbatının 2030-cu ilə qədər 700 milyon tona çatacağını proqnozlaşdırdıqlarını söyləyib.

Qeyd edək ki, Rusiya və Çin bu çərçivədə 10 milyard dollarlıq yuan fondu yaradıb. Yerli valyutalarla ilk ticarət 2019-cu ildə başlayacaq.

“Novatek”in “Yamal LNG” layihəsi çərçivəsində ilk LNG yükü iyulda Şimal dənizi marşrutu ilə Çinə göndərilib. Mayeləşdirilmiş təbii qaz Çinə “M/T VLADIMIR RUSANOV” və “M/T EDUARD TOLL” adlı 2 LNG tankeri vasitəsilə çatdırılıb.

“Novatek” 2010-cu ildən başlayaraq Asiya və Sakit Okean ölkələrinə Arktik vasitəsilə neft və qaz nəql edir. “Yamal LNG” 2017-ci ildə Rusiya, Fransa və Çin birgə müəssisə kimi fəaliyyətə başlayıb. “Novatek” şirkəti layihədə 50,1 faiz, Çinin “CNPC” şirkəti və İpək Yolu Fondu ilə Fransanın “Total” şirkətinin isə 49,9 faiz payı var.

LNG-ni Sabetta limanından Asiya və Sakit Okean və Avropa bazarına daşımaq üçün “Yamal LNG”nin donanmasında 15 LNG tankeri var. Tankerlər il ərzində fəaliyyət göstərə bilir. “Yamal LNG”nin tam gücü ilə 2019-cu ildə işə salınması planlaşdırılır.

©AZƏRTAC 

Son xəbərlər
Digər xəbərlər