Rusiya Monteneqro tərəfindən azərbaycanlı biznesmen Telman İsmayılova siyasi sığınacaq verilməsinə görə bu ölkəyə qarşı cavab tədbiri görüb.
Rusiya cavab tədbiri olaraq Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişinə qadağa qoyub.
“Fevralın 2-si Rusiya XİN-in Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiya Federasiyasına girişinə qadağa qoyulması barədə notasını Monteneqronun Rusiyadakı səfirliyinə göndərib. Sözügedən tədbir 2021-ci ilin oktyabr ayında Monteneqro rəhbərliyi tərəfindən atılan dostca olmayan addıma – Rusiya Federasiyasının ərazisində ağır cinayətlər törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Rusiya Federasiyasının vətəndaşı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır”, – deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, T. İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb.
O, ötən ilin oktyabrında Monteneqroda (Çernoqoriya) saxlanılmış, elə həmin ay Monteneqro hökumətindən siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılmışdı.