7 C
Baku
Monday, February 6, 2023

Rusiya-Ukrayna müharibəsinin nəticəsi ilə bağlı real ehtimallar – Təhlil

Hadisələrin gedişatı onu göstərir ki, Ukrayna ordusu şərq bölgələrində nisbi müqavimət göstərə bilsə də, cənub istiqamətində Rusiya qoşunlarının sürətli hücumunu dayandırmağa nail ola bilməyiblər. Rusiya qoşunlarının Kiyev vilayətini də hava zərbələriylə hədəfə alması və əsgər endirməyə çalışması Ukrayna paytaxtının da işğal edilə biləcək ərazilər arasında yer aldığını deməyə əsas verir. Kiyevin bütün şərq slavyanları üçün daşıdığı tarixi-rəmzi əhəmiyyəti nəzərə alsaq, bunun o qədər də gözlənilməz olmadığını iddia etmək olar.
Rusiya prezidenti Putinin 21 fevraldakı çıxışı zamanı Ukrayna dövlətinin təşəkkülü haqqında səsləndirdiyi alçaldıcı fikirlər rus siyasi elitasının Ukraynanı hələ də rus torpağı kimi gördüklərini nümayiş etdirir. Hazırki durum dəqiq fərziyyələr irəli sürməyə imkan verməsə də, bir neçə ehtimal daha real görünür:
1) Rusiya Ukraynanın bir qismini işğal edərək ölkəni iki yerə bölə, paytaxtı Xarkov şəhəri olan yeni Ukrayna dövləti inşa edə bilər. Xatırladaq ki, Ukrayna SSR-in 1934-cü ilədək paytaxtı Xarkov idi. Rusiyapərəst Regionlar Partiyasının 2014-cü ildə prezidentliyə namizədi və 2019-cu ilədək Ali Radada millətvəkili olmuş Mixaylo Dobkin də Maydan etirazları zamanı ölkə paytaxtının Xarkova köçürülməsini təklif etmişdi. Rusiya qoşunlarının bu yazı yazılan dəqiqələrdə artıq Xarkov şəhərinin girişində olması bu proqnozun reallaşma ehtimalını artırır.
2) Rusiya qoşunları paytaxt Kiyev daxil Ukraynanın böyük qismini tuta, Ukraynanı kapitulyasiyaya məcbur edərək yerdə qalan əraziləri də nəzarətinə keçirməyə çalışa bilər. Zelenski hakimiyyətini devirdikdən sonra, Ukraynanın keçmiş rusiyapərəst dövlət başçısı Yanukoviçi yenidən hakimiyyətə gətirərək Ukraynanı Rusiya orbitajındakı dövlətə çevirə bilər.
3) Rusiya Ukrayna ərazilərinin önəmli qismini ələ keçirdikdən sonra Donbasdakı praktikasına əsaslanaraq hər vilayətdə yeni dövlət/muxtariyyət yarada və Ukraynanı daha çox gələcək münaqişə ilə üz-üzə qoyaraq dövlət kimi funksionallığını itirməsinə səbəb ola bilər. Ukraynanı federal üsuli-idarəyə keçməyə məcbur edərək rusdilli əhalinin çoxluq təşkil etdiyi əyalətlər vasitəsilə ölkənin nəinki xarici, hətta daxili siyasətinə də geniş müdaxilə imkanları qazanmaq da bu ehtimalla ayaqlaşır.
Görünən odur ki, Ukraynanın 2008-dəki Buxarest sammitində vəd edildiyi NATO üzvlüyünə hələ də çatmamış olması və Qərb dövlətlərinin münaqişənin ilk dövrlərində Rusiyaya qarşı çox sərt və yekdil mövqe ortaya qoya bilməməsi ölkənin nəhəng rus ordusuna qarşı müqavimətsiz qalaraq şikara çevrilməsinə səbəb olur. Bir çox avropalı rəsminin də bildirdiyi kimi, qoca qitə 1945-ci ildən bəri ən sərt savaşını yaşamaqdadır. Ukraynanın bir dövlət və ölkə kimi varlığı bu savaşın nə ilə nəticələnəcəyindən asılıdır.
Son xəbərlər
Digər xəbərlər
X