9 C
Baku
Monday, December 23, 2024

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın bank sisteminə ilkin təsiri

Rusiyanın Ukraynanı işğalı onu əlavə sanksiyalarla üz-üzə qoydu. Onsuz da işğala qədər

400528860
İqtisadçı ekspert, Samir Əliyev

Rusiya sanksiyaların tamını dadmışdı. Həmin dövrə qədər sanksiyaların sayı 2700-ə çatırdı. Ancaq fevral ayının 22-dən sonra onların sayı fantastik dərəcədə artdı və ölkəyə tətbiq edilən sanksiyaların sayı 13072-yə çatdı. Hazırda sanksiya Avropa Birliyinə və Birləşmiş Krallığa daxil olan ölkələrlə yanaşı, ABŞ, Kanada, İsveçrə, Avstraliya və Yaponiya tərəfindən tətbiq edilir. Bu sanksiyalar ölkənin müxtəlif sektorlarını, o cümlədən iqtisadiyyatı və onun tərkibi olan bank sektorunu əhatə edir. Birləşmiş Krallıq və ABŞ Rusiya banklarının müxbir hesablarına məhdudiyyət tətbiq edib. Avstraliya istisna olmaqla, digər ölkələr Rusiya banklarının SWIFT-ə çıxışını məhdudlaşdırıblar. Eyni zamanda, Rusiya ticarət üçün ən əlverişli ölkə statusundan məhrum edilib, onun BVF və Dünya Bankının maliyyə vəsaitlərinə çıxışına məhdudiyyətlər qoyulub. Bütün bunlar Rusiyanın həm ümumilikdə iqtisadiyyatına, həm də onun əsas ticarət tərəfdaşları olan ölkələrə bu və digər dərəcədə təsir edib.

Müharibənin ilk həftələrində ekspertlər onun fəsadlarının dünya iqtisadiyyatında artımın zəifləməsi və inflyasiyasının sürətlənməsi ilə nəticələnəcəyini proqnozlaşdırırdılar. Onların qənaətincə, bu fəsadlar 3 əsas kanalla yayıla bilər. Birincisi, dünya birjalarında əmtəələrin, məsələn, ərzaq və enerjidaşıyıcılarının qiymətinin bahalaşması inflyasiyanın daha da artmasını şərtləndirəcək ki, bu da öz növbəsində gəlirlərin həcmində müşahidə olunacaq və tələbə mənfi təsir göstərəcək. İkincisi, qonşu ölkələr ticarətdə, təchizatın təşkilində və pul köçürmələrində pozuntularla, o cümlədən məcburi köçkün axını ilə üzləşəcəklər. Üçüncüsü, biznesə inamın azalması və investorlar üçün qeyri-müəyyənliyin artımı aktivlərin qiymətinə mənfi təsir edəcək ki, bu da maliyyə şərtlərinin sərtləşdirilməsinə və ölkədən kapital axınının sürətlənməsinə gətirib çıxaracaq.

Digər proqnozlar onunla bağlıdır ki, Avropadan fərqli olaraq, qonşu ölkələr Rusiyanın üzləşəcəyi tənəzzülün və ona tətbiq edilən sanksiyaların fəsadlarını daha güclü hiss edəcəklər. Rusiya Azərbaycanın şimal qonşusu olmaqla yanaşı, onun əsas xarici ticarət tərəfdaşlarından hesab olunur.  2021-ci ilin məlumatına görə, Rusiya ən böyük idxalçı ölkə olub və idxalın 17,7%-i onun payına düşüb. Şimal qonşumuz ixracda isə 4.15%-lik paya malik olmaqla 3-cü ən böyük ölkədir. Rusiya həmçinin  Azərbaycanın qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac etdiyi ölkədir.

Rusiya iqtisadiyyatına, o cümlədən banklarına tətbiq edilən sanksiyaların Azərbaycanın bank sisteminə təsirini qiymətləndirəndə bizi ilk növbədə banklarımızın Rusiya banklarındakı müxbir hesablarının taleyi düşündürür.   Çünki vaxtilə heç də bütün bankların ABŞ və Avropa banklarında müxbir hesabı açmaq imkanı olmayıb. Bir sıra banklar Rusiya bankları vasitəsilə beynəlxalq hesablaşmalara çıxış əldə edib. Xüsusən də rubl hesabları açmaq üçün Rusiya banklarının xidmətindən yararlanıblar. İndi Rusiyanın aparıcı banklarının sanksiyalara məruz qalması və əsas ölkələr tərəfindən SWIFT sistemindən kənarlaşdırılması, gələcəkdə sanksiyaların əhatə dairəsinin genişlənməsi perspektivi banklarımızı da çətin vəziyyətə salıb. İlkin qiymətləndirmələr hələ ki itkilərin əhəmiyyətli olmadığını göstərir.

Azərbaycan Mərkəzi Bankı Maliyyə Sabitliyi Hesabatında Dario Caldara və Matteo Lacoviello tərəfindən hazırlanmış Geosiyasi risk indeksinə istinad edərək qeyd edir ki, Rusiya-Ukrayna münaqişəsinin yaratdığı regional geosiyasi gərginliyin fonunda proseslərin maliyyə sisteminin dayanıqlığına potensial təsiri 5 istiqamətdədir: qlobal inflyasiyanın artması, xarici ticarət əlaqələrində pozulmalar, qlobal enerji daşıyıcılarının qiymətlərinin artması, bank aktivlərinin məruz qaldığı risklər, bank əməliyyatlarının icrasında çətinliklər. Mərkəzi Bank hesab edir ki, yerli bankların sanksiyaya məruz qalan Rusiya banklarında vəsaitlərinin az olması sanksiyaların Azərbaycan bank sisteminin maliyyə dayanıqlığına təsirini məhdudlaşdırır. Eyni zamanda, Rusiya-Ukrayna münaqişəsi nəticəsində banklar müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşsə də, bu münaqişənin Azərbaycan banklarının müxbir hesablarla əməliyyatlarına təsiri məhdud olub.

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan hökuməti ilə mayın 25-dən iyunun 7-dək IV maddə üzrə aparılmış məsləhətləşmələrinin yekunlarına dair bəyanatında bildirilir ki, “Rusiyaya qarşı sanksiyalar Azərbaycanın bank sektoruna məhdud təsir edir. Azərbaycanın Rusiyadan asılılığı əhəmiyyətli olmadığından Rusiyanın əsas ticarət tərəfdaşı kimi rolunu nəzərə alaraq  Azərbaycan bankları alternativ sistemlərə müraciət edə bilər. Buna görə də hakimiyyət bankların alternativ ödəniş sistemlərindən və ya kriptovalyutalardan istifadəsinə diqqətlə nəzarət etməlidir. BVF diqqəti müxbir hesablara yönəldərək bu istiqamətdə problemin olduğunu bildirir. Hazırda hakimiyyət Rusiyadakı müxbir banklarla ciddi problem görmür və vəziyyəti diqqətlə izləyir. Ancaq ABŞ və Avropadan olan müxbir banklarla bəzi problemlər, o cümlədən ödənişlərin icrası sahəsində gecikmələr yaranır. Bankların 2/3-də ABŞ və Avropa banklarında müxbir hesabları olsa da, bəzi banklar müxbir bankların xidmətlərinə çıxışda çətinliklər çəkirlər.”

Rusiya banklarında müxbir hesabları olan bankların 2022-ci ilin ortasında dərc edilən 2021-ci il üzrə audit hesabatlarının Hesabat tarixindən sonra baş vermiş hadisələr bölməsində belə bir fikrə rast gəlmək olur: “Bankın Rusiya banklarında müvafiq bank hesabları var və indiyədək bu hesablar vasitəsilə bank əməliyyatları həyata keçirir. Hazırda rəhbərlik münaqişənin Bankın maliyyə hesabatlarına təsirini qiymətləndirə bilmir. Bununla belə, alternativ nostro hesabların açılması ilə bağlı digər banklarla danışıqlar aparılır.”

Rusiya kapitallı banklarda vəziyyət daha həssasdır. Məsələn, Yelo Bank ASC-nin 2021-ci il üzrə audit hesabatında əlavə olaraq qeyd edilir ki, “nostro hesablar vasitəsilə ödənişlərdən əldə edilən gəlirlərin payı əhəmiyyətli deyil və Banka əhəmiyyətli təsir göstərə bilməz.” VTB Bankın audit hesabatında qeyd edilir ki, “tətbiq olunan sanksiyaların əsas təsiri Bankın ABŞ dolları və avro ilə əməliyyat funksionallığına, o cümlədən Azərbaycan Respublikasından kənarda Bankın ödəniş kartlarına məhdudiyyətlər və SWIFT sisteminin bloklanması oldu.” Sanksiyaların Bankın əməliyyatlarına mənfi təsirini minimuma endirmək məqsədilə VTB Bank SWIFT sisteminə alternativ hesab edilən və Rusiya Mərkəzi Bankı tərəfindən yaradılan Maliyyə Mesajlarının Köçürmə Sisteminə (MMKS) qoşulduğunu bəyan edib. Çünki MMKS Rusiya Federasiyası ilə bu sistemə qoşulan ölkələr arasında pul köçürmələrini mümkün edir.

Azərbaycan bankları alternativ nostro hesabların açılması ilə bağlı digər banklarla danışıqlar apardığı dövrdə vəsaitlərini müxbir banklardan geri çəkməyi də unutmayıblar. Mərkəzi Bankın rəsmi məlumatlarına görə, nostro hesablar, yəni başqa banklarda olan müxbir hesablardakı xarici valyutada olan vəsaitlər 2022-ci ilin 11 ayında 31,6% azalıb. 2021-ci ilin sonunda nostro hesablarında olan xarici valyutanın həcmi 4,6 milyard AZN olduğu halda, 2022-ci ilin noyabr ayında bu göstərici 3,2 milyard AZN təşkil edib. Bu azalma özünü müharibə başlayandan sonra qabarıq göstərməyə başlayıb. Diqqəti çəkən digər məqam Loro hesablarında yerləşdirilən xarici valyuta vəsaitlərinin 3 dəfədən çox artımı olub. 2022-ci ilin 11 ayı ərzində xarici valyutada olan vəsaitlərin həcmi 141,8 milyon AZN-dən 438,5 milyon AZN-ə yüksəlib.

Azərbaycan banklarının hamısı olmasa da, əksəriyyəti müxbir hesabları barədə məlumatları saytlarında yerləşdirib. Açıq məlumatlar əsasında apardığımız araşdırma göstərdi ki, ölkədə fəaliyyət göstərən 25 bankın ən azı 13-nün Rusiya banklarında müxbir hesabları var. Bunların 9-nun rubl üzrə müxbir hesabı həm də Azərbaycan Beynəlxalq Bankının Rusiyada törəmə bankı olan ABBMoskva Bankında yerləşir. Güman etmək olar ki, bu bankların əksəriyyəti müxbir hesablarını məhz 22 fevral tarixindən sonra ABB-Moskva Bankına transfer ediblər. Göründüyü kimi, ABB-nin Rusiyadakı törəmə bankı banklarımızın ümid yerinə çevrilib.

Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycanın maliyyə sektorunda əsas təsirləri əmanət bazarında qeydə alınıb. Müharibə başlayandan bəri əmanət bazarında əhəmiyyətli artım, əmanətlərin strukturunda diqqəti çəkən dəyişikliklər baş verib. Depozit sahibləri daha çox uzunmüddətli olmayan, istədikləri vaxt pulları geri çəkmək hüququ olan yatırımlara üstünlük veriblər.

Rəsmi məlumata görə, 2022-ci ilin 11 ayında fiziki şəxslərin əmanət yatırımı 25,5% artaraq ilk dəfə olaraq 11,6 milyard manata çatıb. Bu, tarixi rekord həddir. Məlumat üçün bildirim ki, 2011-ci ildən sonra əmanətlərdə artım tempi 2022-ci ildəki artımdan aşağı olub. . Yeganə olaraq 2015-ci ildə artım 31,8% olub ki, bunun da səbəbi əmanət qoyuluşunun fiziki artımı yox, həmin il baş vermiş devalvasiyadır. 2015-ci ildə manatın dollar qarşısında dəyərini 50% itirməsi nəticəsində xarici valyutada yerləşdirilən əmanətlərin manatla dəyərində kəskin artım oldu. Digər tərəfdən  2016-cı ildə 21,4%-lik, 2020-ci ildə 5,3%-lik azalma qeydə alınıb.

Əmanətlər bazarına diqqəti cəlb edən digər dəyişiklik ölkə üzrə fiziki şəxslərin əmanət qoyuluşunda qeyri-rezidentlərin əmanət qoyuluşunun artmasıdır. 2022-ci ilin 11 ayında xarici ölkə vətəndaşlarının yatırdıqları əmanətlər 3,5 dəfə ataraq 301,3 milyon manatdan 1,1 milyard manata yüksəlib. Bu, 2016-cı ilin fevralından sonra ən yüksək göstəricidir. Bununla da qeyri-rezidentlərin ümumi əmanətlərdə payı 3,3%-dən 9,2%-ə yüksəlib. Qeyri-rezidentlərin əmanətlərində artım əsasən xarici valyutalar hesabına baş verib. Belə ki, qeyri-rezidentlərin manat əmanəti 117,9% artaraq 139,2 milyon manatdan 303,3 milyon manata, xarici valyuta əmanəti isə 370,1% artaraq 162,1 milyon manatdan 762 milyon manata yüksəlib.

Fiziki şəxslərin yatırdıqları əmanətlərin müddətinin analizi göstərir ki, yatırılan vəsaitlər əsasən qısamüddətli olub. Uzunmüddətli əmanətlərin artımı 9,1% olduğu halda, qısamüddətli əmanətlərdə artım 31%-ə çatıb. Bu səbəbdən də qısamüddətli əmanətlərin illik faiz dərəcələrində azalma müşahidə edilib. 2022-ci ilin fevral-noyabr aylarında milli valyuta üzrə 1 aylıq əmanətlərin illik faiz dərəcəsi 5,01%-dən – 2,92%-ə, 1-3 aylıq əmanətlərin illik faiz dərəcəsi 4,0%-dən 2,22%-ə, 3-6 aylıq əmanətlərin illik faiz dərəcəsi 5,82%-dən 3,87%-ə düşüb. 6-9 aylıq əmanətlərin illik faiz dərəcəsi isə əksinə, 8,86%-dən 9,07%-ə yüksəlib. Xarici valyuta üzrə əmanətlərdə fərqli reaksiyalar müşahidə edilib. 1 aylıq əmanətlərin illik faiz dərəcəsi 4,53%-dən 0,68%-ə düşdüyü halda, 1-3 aylıq əmanətlərin illik faiz dərəcəsi 1,06%-dən 1,28%-ə, 3-6 aylıq əmanətlərin illik faiz dərəcəsi 0,49%-dən 2,4%-ə, 6-9 aylıq əmanətlərin illik faiz dərəcəsi 0,66%-dən 0,68%-ə yüksəlib.

Depozitlərin strukturunda müşahidə edilən digər məqam tələb olunanadək depozitlərin artım tempinin müddətli depozitlərin artım tempini üstələməsidir. Ev təsərrüfatlarının tələb olunanadək depozitləri ötən ilin 11 ayı ərzində 42,2% artıb. Maliyyə təşkilatlarının bu növ depozitləri 71,5%, qeyri-maliyyə təşkilatlarının isə 20.3% artıb. Xarici valyuta olan tələb olunanadək depozitlərin artım tempi daha yüksək olub. Bu valyuta növü üzrə artım tempi uyğun olaraq 52,6%, 127,7% və 25.5% olub.

Rusiya-Ukrayna müharibəsinin digər təsiri ölkəyə pul axınının əhəmiyyətli artmasıdır. Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfdən ölkəyə gətirilən pul baratlarının həcmi əvvəlki dövrün müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə artaraq $409,4 milyondan $2,8 milyarda yüksəlib. Artımın əsas lokomotivi Rusiyadan daxil olan vəsaitlərdir. Belə ki, Rusiyadan Azərbaycana fiziki şəxslərin göndərdikləri pulun həcmi 5,5 dəfə artaraq $409,4 milyondan $2.3 milyarda yüksəlib. Bununla Rusiyadan gələn pul vəsaitlərinin ümumi mədaxildə payı 53%-dən 81,6%-ə yüksəlib. Ukraynadan gələn vəsaitlərin həcmi isə əksinə, 3,4 dəfə azalma olub və ölkəyə gələn vəsaitin həcmi $20,5 milyondan $6 milyona düşüb. Bununla da bu mənbənin payı 2,7%-dən 0,2%-ə düşüb.

2022-ci ilin 9 ayında Azərbaycandan xaricə pul köçürmələrdə 30%-lik artım qeydə alınıb. Ümumi köçürmənin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə $402,3 milyondan $521,5 milyona yüksəlib. Ölkəyə daxil olmuş vəsaitlərdən fərqli olaraq burda mənzərə fərqlidir. Rusiyaya pul köçürmələrdə 20%-lik azalma, Ukraynaya pul köçürmələrdə isə 21,2%-lik artım baş verib. Rusiyaya pul köçürmənin həcmi $85,5 milyondan $68,2 milyona düşdüyü halda, Ukraynaya köçürmənin həcmi $18,3 milyondan $22.2 milyona yüksəlib.

Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalarda Rusiyanın yatırımı 10,5 dəfə artıraraq $35,9 milyondan $377,7 milyona yüksəlib. Rusiyanın birbaşa xarici investisiyalarda payı 1%-dən 8,3%-ə yüksəlib. Azərbaycanda Rusiyaya isə $11,6 milyondan $9,6 milyona qədər azalma qeydə alınıb. Xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalarda Rusiyanın payı 2,3%-dən 1.3%-ə düşüb.

Bu gün Rusiyaya tətbiq edilən sanksiyaların mənfi təsirinin azaldılması yolları Rusiya ilə qonşu və tərəfdaş ölkələrdə aktiv müzakirə olunur. Bu yollardan biri Mir ödəniş kartının tərəfdaş ölkələrdə, o cümlədən Azərbaycanda işləməsi, digəri isə Maliyyə Mesajlarının Köçürmə Sisteminə tərəfdaş ölkələrin banklarının qoşulmasının mümkünlüyüdür.

Rusiyanın bir neçə aparıcı banklarının SWIFT sistemindən kənarlaşdırılması onların  digər maliyyə qurumları ilə məlumat mübadiləsini məhdudlaşdırıb və nəticədə, Rusiyanın xarici ticarətində hətta embarqo tətbiq edilməyən malların ticarəti üçün çətinliklər yaranıb.

2022-ci ilin mart ayında Visa və Mastercard ödəniş sistemləri Rusiyada fəaliyyətlərini dayandırdıqlarını bəyan etdilər. Hazırda bu ödəniş sistemlərinin kartları Rusiya ərazisində işləyir, ancaq onların Rusiya vətəndaşı olan sahiblərinin xarici internet-dükanlarda ödəniş etmək imkanları məhduddur, xarici ölkələrdə kartdan pul çıxarmaq mümkün deyil. Bu kartları əvəz etmək üçün Rusiya hökuməti Mir ödəniş sisteminin əhatə dairəsinin genişlənməsi üçün çalışır. 2022-ci ilin avqust ayına qədər bu ödəniş sistemi 11 ölkədə işləsə də, oktyabr ayından etibarən 6 ölkə (Qazaxıstan, Vyetnam, Ermənistan, Özbəkistan, Türkiyə, Qırğızıstan) kartın fəaliyyətini tam və ya qismən məhdudlaşdırmağa məcbur oldu. Buna səbəb sentyabrın 15-də ABŞ-ın Xəzinədarlıq Departamenti tərəfindən Rusiya sərhədlərindən kənarda Mir ödəniş sisteminin tətbiqini ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından yayınmaq cəhdi kimi qiymətləndirilməsi oldu. Mətbuatda yayılmış məlumata görə, ötən il Rusiya hökuməti Mir ödəniş sisteminin işləməsi üçün 15 ölkə, o cümlədən Azərbaycan hökuməti ilə danışıqlar aparıb.

Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrın 28-də keçirilən onlayn mətbuat konfrasında bildirib ki, Mir ödəniş sistemi Azərbaycanda çalışmır və Mərkəzi Bank Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları diqqət mərkəzində saxlayır. Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 5-də Azərbaycanlı həmkarı ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlamasında bildirib ki, Azərbaycan öz ərazisində Mir ödəniş sistemindən istifadəyə maraq göstərir. Bundan savayı 3 yerli bank Rusiyanın  SWIFT analoqu olan maliyyə Məlumatlarının Ötürülməsi Sisteminə (Система передачи финансовых сообщений – СПФС) qoşulub. Artıq VTB bankın sisteminə qoşulduğu ilə bağlı məlumat mətbuatda yer alsa da, digər 2 bankın hansı olduğu açıqlanmır. Hazırda sistemdə 12 ölkəni,  o cümlədən Azərbaycanı təmsil edən 400-dən çox təşkilat mövcuddur.

Bəzi banklarımız Rusiyada investisiya qiymətli kağızlarına yatırım ediblər və həmin vəsaitlərin risk altında olduğunu açıqlayıblar. Kapital Bank ASC-nin 2022-ci ilin ortasında dərc edilmiş audit hesabatında investisiya qiymətli kağızlarından və cari hesablardan ibarət yatırımın həcmini 14,8 milyon manat, Paşa Bank ASC isə 73,8 milyon manat məbləğində qiymətləndirilib. Yapı Kredi Bank Azərbaycan QSC Rusiyada fəaliyyət göstərən İş Bankasında yerləşdirdiyi 6,12 milyon manatlıq depoziti 31 mart 2022-ci il tarixində geri götürməyə müvəffəq olduğunu bildirib.   Ziraat Bank Azərbaycan ASC-nin audit hesabatında qeyd edilir ki, Bankın Rusiya banklarında müxbir hesabları yoxdur və sanksiya tətbiq olunan banklarla bağlı risklərə məruz qalacağını gözləmir. Bununla belə, Bankın Ukraynada biznes əməliyyatları və girovu olan müştəriləri var ki, onlar mövcud vəziyyətdən təsirlənə bilərlər.

Görünən budur ki, banklar hələ ki münaqişənin onlara təsirini tam qiymətləndirə bilməyiblər. İstər Mərkəzi Bank, istərsə də bankların özləri maliyyə hesabatlarında münaqişə nəticəsində müxbir hesablarla əməliyyatların aparılmasında müəyyən maneələrlə üzləşdiklərini, lakin bu münaqişənin əməliyyatlara təsirinin məhdud olduğunu bildirirlər. Ancaq qarşıya qoyulmuş əsas vəzifə təkcə banklarımızın müxbir hesablarında yaranmış çətinliklərin aradan qaldırılması deyil. Əsas vəzifə Azərbaycan şirkətlərinin, o cümlədən banklarının sanksiya rejimini pozaraq Rusiya bankları və şirkətlərilə əməkdaşlığa görə sanksiyaya məruz qalmasına imkan verməməkdir. Xüsusilə, Mir ödəniş sisteminin Azərbaycanda tətbiqi banklarımızı sanksiyaya məruz qoya bilər.

Müəllif: İqtisadçı ekspert Samir Əliyev

Son xəbərlər
Digər xəbərlər