2025-ci ilin ilk yarısında Azərbaycana istirahət və əyləncə məqsədi ilə səyahət edən turistlərin sayı illik müqayisədə 68 nəfər və ya 11.5% azalıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İlk 6 ayda ümumillikdə ölkəyə 521 min nəfər sırf turizm məqsədi ilə gəlib. Öncəki ilin eyni dövründə 589 nəfər idi.
Ümumi enişə əsas səbəb Rusiya Federasiyası və Hindistandan gələn turistlərin azalmasıdır. Məsələn, hesabat müddətində Rusiyadan 115 mindən çox turist bu məqsədlə səfər edib ki, bu da öncəki ilin eyni dövründən 55 min və ya 32% azdır. Eyni müddətdə Hindistandan gələnlərin sayı 13 min və ya 12 faiz azalmaqla 98 minə düşüb. Öncəki ildə Cənubi Asiya ölkəsindən 112 minə yaxın turist gəlmişdi.
Maraqlıdır ki, hər iki ölkə üzrə spesifik geosiyasi və ictimai səbəblər olub. Azərbaycan təyyarəsinin Rusiya üzərində vurulmasından sonra, iki ölkə arasında siyasi gərginlik artıb. Azərbaycana viza tələb olunmayan qaydada gələn Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 180 gündən 90 günə endirilib. Rusiya özü bu qaydanı hələ Azərbaycan tətbiq etmədən öncə həyata keçirmişdi.
Azərbaycana bu məqsədlə gələn turistlərdə Rusiyanın payı son bir ildə 29 faizdən 22 faizə düşüb.
Hindistan ictimaiyyətində Azərbaycana qarşı başlayan boykot çağırışları da turist axınında azalmaya səbəb olub. Sosial mediada yayılan “#BoycottAzerbaijan” həştəqi ilə müşayiət olunan kampaniyalar, Azərbaycanın Pakistanla yaxın münasibətləri və Kəşmir məsələsində İslamabadı dəstəkləməsi fonunda formalaşıb.
Əlavə olaraq, Hindistanın məşhur turizm platformaları olan “MakeMyTrip”, “EaseMyTrip” və “ixigo” Azərbaycanın turizm təkliflərini dayandırıb və reklam kampaniyalarını ləğv ediblər. “Times of India” və “Reuters” bu qərarların səbəbi kimi ictimai təzyiqləri və milli maraqları göstərib.
Ölkənin turist axınını təmin edən bu ölkələrin əvəzində isə bir sıra ölkələrdən istirahət və əyləncə məqsədi ilə səyahət edən turistlər çoxalıb. Qazaxıstandan gələn turistlərin sayı illik 31 faiz artımla 25 min, İsraildən 59.3% artımla 13 min, Türkiyədən isə 8% artımla 48 min nəfərə yüksəlib. Artım siyahısında digər Orta Asiya ölkələri və Şərqi Avropa ölkələri var.
Ölkəyə gələn turistlər ümumillikdə Azərbaycanda 1 milyard 539.8 milyon manatlıq xərc çəkiblər ki, bunun da 711.7 milyon manatı nəqliyyat (böyük hissəsi hava) üzrə xərclər təşkil edib. Bununla belə, turistlərin ölkədəki xərclərinin həcmi illik 1.9 faiz azalmış olub. Göründüyü kimi Hindistan və Rusiyadan turistlərin səfərindəki azalmanın xərclərdəki bir hissəsini digər ölkələrdən gələnlər kompensasiya edə bilib.