Həftənin ilk günü – 9 martda dünya maliyyə bazarlarının ticarət sessiyaları böyük şoklarla açıldı. Birjalar çalxalanır, indekslər aşağı düşür, səhmlər ucuzlaşır, investorlar qızıl, ABŞ istiqrazları və yapon yeni kimi risksiz aktivlərə “sığınır”, neft bazarı isə çökür. Livan hökuməti artıq borc öhdəliklərini yerinə yetirə bilməyərək defolt elan edib.
Bizim vaxtla martın 9-na keçən gecə Asiya birjaları açılar-açılmaz etalon neft markası – Brentin qiyməti rekord səviyyədə – 30% civarında ucuzlaşaraq 31 dollara düşdü. Bu, 1991-ci il Körfəz müharibəsindən bu yana ən böyük eniş idi. Az sonra qiymətlər yuxarıya doğru korreksiya ilə 36 dollara yüksəldi. Bir az keçmiş London birjası açıldıqda yenə emosional şokun təsiri ilə kəskin eniş olsa da, günortaya doğru toparlanma baş verdi və bu yazı qələmə alınarkən qiymət 36-37 dollar arasında idi.
Xatırladaq ki, ötən cümə günü birjalar bağlanarkən neft 45,5 dollardan satılırdı. Amma elə həmin gün məlum olmuşdu ki, aşağıya doğru trend davam edəcək, çünki 2016-cı ilin sonlarından etibarən neft bazarında müəyyən stabillik yaratmış OPEC+ koalisiyası (neft hasil edən ölkələrin təşkilatı və Rusiya) dağıldı. Belə ki, Moskva bu format çərçivəsində hasilatın növbəti dəfə azaldılmasına razılıq verməyərək Səudiyyə Ərəbistanı liderliyindəki kartellə bu istiqamətdə əməkdaşlığı dayandırdı.
Məntiqlə, neftin ucuzlaşması Rusiyanın da maraqlarına uyğun olmamalıdır, bəs, Moskvanın bu addımı nədən qaynaqlanır? Səbəblərə baxaq.
Hələ 2019-cu ilin dekabrında Rusiya neft sənayesinin lokomotivi olan “Rosneft” dövlət şirkətinin qüdrətli rəhbəri İqor Seçin prezident Putinə müraciət edərək OPEC+ çərçivəsindəki sövdələşmələrin ölkə üçün strateji təhdid yaratdığını və hasilatın ixtisarı yönündə siyasətin amerikalı hasilatçıların əlinə oynadığını bildirmişdi. Belə ki, OPEC və Rusiya hasilatı azaltdıqca və qiymət artdıqca, bundan ABŞ-ın konyunktura uyğunlaşmaqda mahir olan şist istehsalçıları faydalanır, onlar hasilatı dərhal artıraraq öz bazar payını genişləndirir. “Rosneft” hələ 2017-ci ildə Rusiya Energetika Nazirliyinə xəbərdarlıq etmişdi ki, Şimali Amerikada şist neft hasilatı artmaqda davam edir. Bu xəbərdarlıq və proqnozlar özünü doğrultdu.
Hazırda ABŞ-da gündəlik hasilat 13,1 milyon barel kimi rekord miqdara çatıb, ABŞ-ın neft ixracı 4,154 milyon barel təşkil edir və bu ölkə neft idxalını sürətlə azaldır. Bütün bunlar bazarda neft təklifinin artması ilə nəticələnir. Bu mənzərəni Rusiya prezidenti Putin də gördüyü üçün ölkəsinin OPEC ilə anlaşmadan çıxmasına icazə verdi. Putin neft şirkətlərinin rəhbərləri ilə 1 mart tarixli müşavirəsində qeyd etdi ki, Rusiyanın ehtiyatları neft bazarında vəziyyətin pisləşməsi halında da büdcə öhdəliklərini və sosial vəzifələri yerinə yetirməyə imklan verir.
Mövcud durum şübhəsiz ki, resurs iqtisadiyyatı modelinə sahib və neft gəlirlərindən böyük asılılığı olan Səudiyyə Ərəbistanı monarxiyasının maraqlarına ziddir. Rusiyanın qərarından sonra Ər-Riyad cavabsız qalmadı və hasilatı hazırkı 9,7 milyon barel səviyyəsindən azı 10 milyona, hətta 12 milyona çıxaracağını bəyan edərək alıcılara ciddi diskontla neft təklif etməyə başladı. Bu, onsuz da koronavirusun və qlobal tələb azlığının basqısı altında qalmış neft bazarının bütün “müdafiə bəndlərini” dağıtdı. Bazarı “öldürməklə” ərəblərin məqsədi Moskvanı yenidən danışıqlar masasına qaytarıb, məqbul anlaşma əldə etməyə nail olmaqdır. Lakin “Rosneft”in mətbuat katibi Mixail Leontyev bildirib ki, Rusiyanın maraqları baxımından bu cür razılaşmanın bir mənası qalmayıb. “Biz öz bazarlarımızı güzəştə gedib, oradan ucuz Rusiya və ərəb neftini yığışdıraraq Amerikanın bahalı şist nefti üçün yer açmış və onların hasilatının effektivliyini artırmış oluruq. Razılaşma bazara təsir etmir və təklifin həcmi dəyişmir, sadəcə olaraq, bizim bazarımızı rəqiblər tutur. Bu, mazoxizmdir”, – deyə Leontyev söyləyib.
“Rosneft” o mənada haqlıdır ki, OPEC artıq bir kartel kimi bazarda mövqelərini çoxdan itirib, amma özünü hələ də inhisarçı kimi aparıb, qiymət diktə etmək sevdasındadır. Neft təklifi və ölkələrin ehtiyatları isə o qədər çoxdur ki, artıq strateji əmtəə kimi neftin əvvəlki rolu da azalıb. OPEC xaricindəki ən böyük oyunçu, ümumən qlobal bazarda ən böyük hasilatçı kimi ABŞ-dan bəhs etdik. Başqa bir yüksələn oyunçu Braziliyadır. Bu ölkə bəyan edib ki, nə OPEC-ə qoşulmaq, nə də hasilatı azaltmaq niyyəti var. Əksinə, Braziliyanın hasilatı 2019-cu ildə gündəlik 3 milyon bareli keçib və proqnozlara görə, bu il daha 459 min barel artım gözlənilir. Jair Bolsonaro hökumətinin hədəfi ən böyük 5 hasilatçı arasına daxil olmaqdır. (Hazırda ölkə bu sıralamada 9-cu pillədədir.) Norveç də hasilatı artırır. “Rystad Energy” agentliyinin proqnozuna əsasən, bu il OPEC xaricindəki istehsalçılar bazara sutkada əlavə 2,3 milyon barel neft çıxaracaq ki, bu da 1978-ci ildən bəri ən böyük göstərici olacaq.
Yəni, bir tərəfdən neft bazarında bolluq, o biri yandan dünya iqtisadiyyatının artım tempinin zəifləməsi, üstəlik, bu azmış kimi, koronavirusun yayılması yanacağa olan tələbatın azalmasına gətirib çıxarıb. Belə vəziyyətdə qiymətin aşağı yuvarlanması normaldır.
Rusiya kimi iri hasilatçı bir tərəfdən öz bazar payını qorumağa çalışır, digər tərəfdən isə İran və Venesuela ABŞ sanksiyaları nəticəsində bazardan sıxışdırıldığı üçün ağır neft təklif edən əsas ölkə məhz Rusiyadır. Bazarda yüngül neftin çoxluğu, ağır neftin isə qıtlığı yaranıb. Bir çox ölkənin – ABŞ-ın, Avropa Birliyinin, Çinin, Türkiyənin neftayırma zavodları öz işində məhz ağır neftə ehtiyac duyur, bu səbəbdən rus neftinin müştərisi var. OPEC+ anlaşması bu baxımdan Rusiya neft şirkətlərinə mane olurdu.
Şahin Cəfərli,
Ekspert