Gözlənildiyi kimi, Mərkəzi Bankın valyuta ehtiyatının azalması noyabrda da davam edib.
Ekspert Samir Əliyev bildirir ki, Noyabr ayında ehtiyatların həcmi 14996.3 milyon dollar olub ki, bu da oktyabr ayı ilə müqayisədə 37,3 milyon dollar azdır. Oktyabrda ehtiyatın həcmi 1 5033,6 milyon dollar olub. Ötən ay azalma 0,25% təşkil edib.
Artıq azalma 4-cü aydır ki, davam edir. İyul ayından başlayaraq ehtiyatların həcmi 1,3% və ya 197,1 milyon dollar azalıb. Ancaq digər neft ölkəsi olan Qazaxıstan üçün noyabr uğurlu olub. Qazaxıstanın beynəlxalq ehtiyatları noyabr ayında 0,3% artaraq 105,4 milyarda çatıb. İlin əvvəlindən artım 10,3% və ya 9,9 milyard olub.
Qazaxıstan Milli Bankının qızıl-valyuta ehtiyatı noyabrda 1.2% artaraq 28,6 milyard dollara çatıb. İlin əvvəlində isə artım 15,8% və ya 3,9 milyard dollar təşkil edib.
Rusiya valyuta ehtiyatının uğursuzluq zolağı noyabr ayında da davam edib. Noyabrın 21-i tarixinə beynəlxalq ehtiyatın həcmi 1 həftə ərzində $200 milyonluq azalmadan sonra $420,4 milyarda düşüb. Bu, son 5 ildə – 9 oktyabr 2009-cu ildən bəri ən aşağı həddir. 2014-ci ildə Rusiyanın beynəlxalq valyuta ehtiyatları 17,5% və ya $89,2 milyard azalıb.
Xatırladaq ki, ölkənin ehtiyatı yanvar ayının 1-i tarixinə 515 milyard 590 milyon dollar təşkil edib.
Göründüyü ki, dünya bazarlarında neftin ucuzlaşaması iqtisadiyyatları yaxın olan 3 neft ölkəsinin valyuta ehtiyatına fərqli təsir göstərib. Daha çox Rusiya zərər çəkib. Təbii ki, səbəb həm də bu ölkəyə tətbiq edilən sanksiyalardır. Azərbaycanda son aylar müşahidə edilən azalmanı nəzərə almasaq 11 aylıq nəticə pis görünmür. Ancaq son tendensiya narahatedicidir. Qazaxıstan isə ehtiyatlarının tərkibini düzgün diversifikasiya etdiyindən neftin ucuzlaşması onun ehtiyatına təsie göstərə bilməyib.