Rusiya digər ölkələrlə mümkün yanacaq idxalı məsələsi üzrə danışıqları davam etdirir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskovun bəyanatına istinadən “Interfax” məlumat yayıb.
Peskovun sözlərinə görə, tərəflər məqbul qiymətlərlə bağlı razılığa gələrsə, yanacaq idxalı həyata keçirilə bilər.
O, Rusiyanın hansı ölkələrlə yanacaq idxalını müzakirə etdiyini açıqlamaqdan imtina edib.
Baş nazirin müavini Aleksandr Novak yanacaq bazarının sabitləşdirilməsi tədbirlərinə gündəlik nəzarət edir.
Bundan əvvəl Novak ölkə üzrə yanacaq tədarüklərinin genişmiqyaslı monitorinqinin aparılması barədə göstəriş verib.
İyunun 29-da keçirilən iclasda Rusiya regionlarının nümayəndələri yanacaq ehtiyatları barədə məlumat təqdim edib və yerli tələbatın ödənilməsi yollarını təklif ediblər.
Ən iri neft şirkətlərinin nümayəndələri isə yanacaq tədarükləri, o cümlədən fermerlərə çatdırılan yanacaq həcmləri barədə məlumat veriblər.
“Interfax“ın məlumatına görə, bazar ertəsi keçirilən görüşdən sonra Novak bildirib ki, Rusiya hökuməti dizel yanacağının ixracına qadağa qoyulması ilə bağlı araşdırmaları davam etdirir.







