25 C
Baku
Saturday, July 13, 2024

Rusiya XİN Kremlə PUA hücumu ilə bağlı bəyanat yayıb

Rusiya Xarici İşlər Nazirliyi Moskva Kremlinə – Rusiya Federasiyası Prezidentinin iqamətgahına qarşı terror aktı cəhdi ilə bağlı bəyanat yayıb.

Bəyanatda mayın 3-nə keçən gecə Moskva Kremlinə qarşı pilotsuz uçuş aparatlarının köməyi ilə törədilmiş terror aktlarına cəhdlər qətiyyətlə pislənilib.

“Onların arxasında mülki infrastruktura və dinc əhaliyə qarşı terror üsullarından istifadəni uzun müddət və şüurlu şəkildə dəstəkləyən Kiyev rejiminin dayandığı şübhəsizdir. 8 oktyabr 2022-ci ildə Krım körpüsünün partladılması, Bryansk, Belqorod və Rostov vilayətlərində qeyri-hərbi hədəflərə hücumlar, çoxsaylı təxribatlar. İndi Moskva. Ukrayna Silahlı Qüvvələrinin terror və təxribat fəaliyyəti görünməmiş şəkildə vüsət alır.

Bu cinayətin ağırlığını Moskva Kremlinin Rusiya dövlətinin başçısının iqamətgahı olması daha da dərinləşdirir. Rusiya prezidentinin həyatına 9 May Qələbə Paradı ərəfəsində sui-qəsdin olması isə neonasist Ukrayna hakimiyyətinin hərəkətlərinin xüsusi həyasızlığını göstərir.

Belə cinayətlər cavabsız qalmamalıdır. Bildiyiniz kimi, Rusiya İstintaq Komitəsi hakimiyyət orqanlarının qərar qəbul etməsinə təsir etmək məqsədi ilə əhalini qorxutmaq, insanlara ziyan vurmaq və onların ölümünə səbəb olan hərəkətlər faktı üzrə cinayət işi açıb. Bütün cinayətkarların tapılacağına əminik. Onları ağır və qaçılmaz cəza gözləyir.

“Kollektiv Qərb”in susması onun Kiyevdəki neonasist və ekstremist rejimin terror üsullarına meyilli olmasına dəlalət edir.

Hesab edirik ki, dünya ictimaiyyəti və beynəlxalq hüquq əsasında ikili standartlardan kənar işləyən beynəlxalq təşkilatlar Kiyev rejiminin yeni cinayət hiyləsini pisləməlidir.

Təsdiq edirik ki, Rusiya tərəfi kobud terror aktlarına cəhdlərə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Rusiya Kiyevin ölkəmizin rəhbərliyi üçün yaratdığı təhlükə ilə bağlı qiymətləndirmələrə uyğun cavab verəcək”, deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər