30 C
Baku
Friday, July 19, 2024

Rusiya XİN: Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq

Ukraynanın Rusiyadakı səfirliyinin binası toxunulmaz qalacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib. Onun sözlərinə görə, Rusiya diplomatik münasibətlər üzrə Vyana Konvensiyasına əməl edəcək və torpaq sahəsinin icarə müqaviləsinə xitam verdikdən sonra belə Ukraynanın Moskvadakı səfirliyinin binası toxunulmaz qalacaq.

Diplomat xatırladıb ki, Ukrayna səfirliyinin binalar kompleksinin yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsi Moskva meriyasının Kiyev Şəhər Şurasının Rusiyanın Ukraynadakı səfirliyinin torpaq sahəsinin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı qərarına cavab olaraq ləğv edilib. “Diplomatiyada qəbul edilən qarşılıqlılıq prinsipi belə işləyir”, deyə o vurğulayıb.

“Torpaq icarəsi müqaviləsinə xitam verilməsi Ukraynanın dövlət mülkiyyətində qalan səfirlik binasının toxunulmazlığına təsir göstərmir. Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, diplomatik münasibətlər kəsildiyi halda, qəbul edən dövlət hətta silahlı münaqişə baş verdikdə belə, missiyanın binalarına onun əmlakı və arxivləri ilə birlikdə hörmət etməli və onları qorumalıdır. Bu, eyni dərəcədə Rusiyanın Ukraynadakı diplomatik mülkiyyətinə də aiddir”, deyə Polişçuk əlavə edib

Qeyd edək ki, 2022-ci il fevralın 22-də Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı nümayəndəliklərinin əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün təxliyə edildiyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin fevralın 24-də səhər saatlarında Ukraynada xüsusi hərbi əməliyyat başlanması haqqında qərar verib. Elə həmin gün Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyası ilə diplomatik münasibətləri kəsdiyini, Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatların təxliyə edildiyini elan edib. O vaxtdan bəri Ukraynanın Moskvadakı və Rusiyanın Kiyevdəki səfirliklərinin binaları boşdur.

Son xəbərlər
Digər xəbərlər