Rusiya son həftələrdə Ukraynaya təcavüzünün ilk mərhələlərində zəif iştirak etdiyi hesab edilən yüksək rütbəli komandirləri işdən çıxarıb.
Banker.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, 1-ci Qvardiya Tank Ordusu kimi elit qoşunlara komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.
Bundan başqa, aprel ayında “Moskva” kreyserinin batmasından sonra Rusiyanın Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipovun fəaliyyəti də dayandırılıb.
Əlavə olunub ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov çox güman vəzifəsində qalır, lakin onun hələ də Prezident Vladimir Putinin etimadını qoruyub saxladığı məlum deyil. Məlumatda qeyd olunub ki, Rusiya hərbi və təhlükəsizlik sistemində ört-basdır etmək və günah keçisi axtarmaq mədəniyyəti çox güman ki, üstünlük təşkil edir.
“Ukraynanın işğalında iştirak edən bir çox rəsmi Rusiyanın əməliyyat uğursuzluqlarına görə şəxsi təqsirindən qaçmaq məqsədilə güman ki, diqqəti daha çox yayındıracaq. Bu, çox güman Rusiyanın mərkəzləşdirilmiş komanda və idarəetmə modelini daha çox gərginlik altında qoyacaq”, – məlumatda vurğulanıb.
Qeyd olunub ki, Rusiya ordusunun zabitləri önəmli qərarların öz rəhbərləri tərəfindən qəbul edilməsi üçün təxirə salınmasına çalışırlar və bu şərtlər daxilində Rusiyanın təşəbbüskarlığı geri qaytarması çətin olacaq.