Rusiyada hökumət əməkhaqqını rəqəmsal rublla ödəməyə başlayıb

Rusiya hökumətinin əməkdaşları rəqəmsal rublla maaş ala bilərlər. Bunun üçün onlar Rusiya Mərkəzi Bankının platformasında özləri rəqəmsal rubl hesabı açmalıdırlar.

Rusiya Maliyyə Nazirliyi bildirib ki, əməkdaşları maaşlarını rəqəmsal rublla almağa heç kim məcbur etmir və bu imkan yalnız şəxsin öz istəyindən asılıdır.

İndiyədək dövlət qulluqçularına və büdcə təşkilatlarının əməkdaşlarına maaşlar Mərkəzi Bankın rəqəmsal valyutası ilə yalnız sınaq rejimində ödənilirdi. Bu sınaqlar ötən il Maliyyə Nazirliyi və Federal Xəzinədarlıq tərəfindən başlanıb. Maaşlarla yanaşı, dövlət rəqəmsal rublla təqaüdlərin ödənilməsini və dövlət müqavilələri üzrə bəzi hesablaşmaları da sınaqdan keçirib.

Nazirliyin məlumatına görə, 2025-ci ildə bu cür əməliyyatların ümumi həcmi təxminən 16 milyon rubl təşkil edib.

Bu il sentyabrın 1-dən etibarən iri banklar və böyük pərakəndə ticarət şirkətləri müştərilər üçün rəqəmsal rublla köçürmə və ödənişlərin həyata keçirilməsinə imkan verən infrastruktur təqdim etməlidirlər.

Yanvar ayından etibarən federal büdcənin rəqəmsal rublla xərclənməsinə məhdudiyyət qoyulmur. Federal dövlət, büdcə və muxtar qurumlar rəqəmsal rublla hesablaşmalar apara bilərlər. Bütün federal büdcə və muxtar qurumlar isə rəqəmsal rublla ödənişləri qəbul etməlidirlər. Rəqəmsal rubldan büdcəyə ödənişlər üçün də istifadə etmək mümkündür.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Maliyyə Nazirliyi və Mərkəzi Banka ölkə vətəndaşlarını rəqəmsal rublun üstünlükləri barədə daha ətraflı məlumatlandırmağı tapşırıb.

Mərkəzi Bank sədrinin müavini Zülfiyyə Kaxrumanova isə daha əvvəl bildirib ki, tənzimləyici qurum rəqəmsal rublların saxlanıldığı onlayn pul kisəsindən birbaşa bankomat vasitəsilə nağd pul çıxarılmasına icazə verməyi planlaşdırır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər