Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqaviləyə aydınlıq gətirib.
Musa Quliyev deyib ki, Azərbaycanın pensiya islahatları konsepsiyasının mühüm bir istiqaməti də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müxtəlif ölkələrdə işləyən Azərbaycan vətəndaşı olan əmək miqrantlarının pensiya təminatının yaxşılaşdırılmasından ibarətdir.
Komitə sədri deyib ki, bu baxımdan indiyə qədər Azərbaycan 12 ölkə ilə belə qarşılıqlı pensiya təminatı ilə bağlı müqavilə və saziş imzalayıb. Rusiya ilə də belə bir müqavilə bu il aprelin 26-da Bakıda imzalanıb: “Bu müqavilə artıq ratifikasiya olunması üçün Milli Məclisə daxil olub. Müqavilənin əsas üstünlükləri ondan ibarətdir ki, hazırda qüvvədə olan “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişə əsasən, indiyə kimi 1991-ci ilin sonu, yəni SSRİ-nin süqutuna qədər Rusiya ərazisində yaşayan və işləyən Azərbaycan vətəndaşları pensiyaya çıxanda onların o dövrdə işlədikləri staj əlavə olunurdusa, indi bütün dövrlər, o cümlədən bu günə qədər əmək müqaviləsi ilə işləyən hər bir Azərbaycan vətəndaşı olan əmək miqrantının pensiya stajına bu staj daxil ediləcək. Müqavilənin digər bir üstünlüyü ondan ibarətdir ki, həm Azərbaycan, həm də Rusiya tərəfdəki pensiya stajları toplanacaq və bu, vətəndaşlarımızın pensiyasının artımına da səbəb olacaq. Yəni proporsional şəkildə, hansı ölkədə neçə il əmək stajı olubsa, o ölkələr də buna uyğun ona pensiya ödənilməsində iştirak edəcəklər. Tutaq ki, Azərbaycan vətəndaşının 30 il stajı var, 20 il stajı Azərbaycanda, 10 ili də Rusiyada qazanıb, onun pensiyasının 1/3-i artıq Rusiya tərəfindən ödəniləcək”.
Musa Quliyev qeyd edib ki, Müqavilənin digər üstünlüyü Azərbaycan vətəndaşının həm Azərbaycan qanunlarına uyğun olaraq, həm də Azərbaycandan köçüb daim Rusiyada yaşayacaqsa, Rusiya qanunlarına uyğun olaraq pensiya təminatı əldə edə biləcək: “Hətta Azərbaycan vətəndaşı üçüncü ölkəyə köçüb yaşayırsa, onun pensiyasının həmin ölkələrə köçürülməsi imkanları da olacaq. Bütövlükdə bu Müqavilə böyük bir irəliləyişdir. Çünki Azərbaycandan çoxlu sayda əmək miqrantı Rusiyada çalışır. İndiyə qədər onların Rusiyada işlədikləri müddət pensiya sığorta stajına daxil olmurdu. İndi isə nəinki Müqavilə ratifikasiya olunan tarixdən sonra, hətta geriyə də qüvvəyə olacaq. Yəni indiyə qədər Rusiyada işləmiş, amma pensiya ala bilməmiş, yəni stajı hesablanmamış, müavinət almış, yaxud pensiyasında Rusiyada işlədiyi stajlar deyil, yalnız Azərbaycanda stajı nəzərə alınmış vətəndaşlarımız da bu müqavilədən yararlanacaqlar. Bu, həm onların pensiyalarının artmasına səbəb olacaq, həm də indiyə qədər Rusiyada stajları nəzərə alınmadığı üçün stajı olmadığına görə pensiya hüququ qazanmamış vətəndaşlarımız da pensiya hüququ qazana biləcəklər. Başqa sözlə, vətəndaşımız pensiya yaşına çatıb, Azərbaycanda 25 il stajı yoxdur, Rusiyadakı stajı da sayılmayıb, ona Azərbaycanda müavinət təyin edilib. İndi həmin vətəndaşın Rusiyadakı stajı da hesablanacaq, 25 ilə çatacaqsa, ona verilən müavinət pensiyaya çevriləcək və ən azı 240 manat ala biləcək”.