Rusiyada səfərbərliyə çağırılanlara nə qədər ödəniş ediləcəyi açıqlanıb. Bildirilir ki, səfərbər olunanların pul müavinəti ayda 135 min rubldan (4000 AZN) başlayır. Bu barədə Moskva vilayətinin hərbi komissarı Aleksey Astaxov məlumat verib.
Onun sözlərinə görə, ödənişlərin konkret məbləğləri bir sıra amillərdən asılıdır: hərbi rütbə, vəzifə, xidmət şəraiti və s.
Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.
“Xüsusi hərbi əməliyyat zonasında xidmət edən hərbi qulluqçuların pul müavinəti aşağıdakı kimi bölünür: sıravi əsgər üçün 135 min rubl (4000 AZN), gizir və zabitlər üçün isə 150-200 min rubl (4400-5900 AZN). Hücum hərəkətlərinə iştirak edənlər üçün əlavə ödənişlər də nəzərdə tutulur”, – deyə Aleksey Astaxov söyləyib.
Onun sözlərinə görə, səfərbərliyə çağırılanlara müqaviləli əsgərlərlə eyni status verilir, bunun əsasında onlara analoji ödənişlər və sosial təminatlar verilir.