RBK media qrupunun tərtib etdiyi Rusiyanın 50 iri texnoloji şirkətinin siyahısında “Mail.ru Group” internet holdinqi birinciliyə yüksəlib.
RBK-nin verdiyi məlumata görə, ötən il siyahıda 3-cü olan “Mail.ru” bu il rəqibi “Yandex” və ötən ilin birincisi, qırıcı-bombardmançı təyyarələrin istehsalçısı olan “Suxoy” şirkətini keçərək ilk sırada yer tutub. “Yandex” 2-ci, Kazan helikopter zavodu 3-cü, “Suxoy” isə 4-cü olub.
“Mail.ru Gorup”un direktoru Dmitri Qrişin bildirib ki, holdinq hazırda gündəlik mobil auditoriya baxımından Rusiyada birincidir, istifadəçilərin yarısından çoxu qrupun layihələrinə məhz mobil cihazlardan daxil olur. O deyib ki, indi holdinq mobilliyə keçidin ikinci mərhələsinə daxil olur: “Paradiqma, xidmətlərə yanaşma və anlayış dəyişir. Artıq kompüterləri heç görməyən, lakin gündə 300 dəfə telefonunu yoxlayan insanlar var”.
D. Qrişin qeyd edib ki, 2015-ci ildə “Mail.ru” üçün əsas prioritet oyunlar olub. Belə ki, “Skyforge” və “Armored Warfare” oyunlarının yerli və beynəlxalq buraxılışı həyata keçirilib. Oyunların aylıq auditoriyası 43 milyon nəfərə çatıb və gəlir 6,3% artaraq 9 milyard rubla yüksəlib.
“Mail.ru”nun ən sürətli artım göstərən aktivi isə “VKontakte” sosial şəbəkəsidir. Ötən ilin yekunlarına əsasən şəbəkənin gəliri 44,2% artaraq 6,23 milyard rubla çatıb. Aylıq auditoriya 90 milyon istifadəçi təşkil edib, onların 70%-i mobil cihazlardan daxil olur.
Lakin reytinq cədvəlindəki liderliyə baxmayaraq, “Mail.ru Group” ən iri şirkət deyil. “Yandex”in gəliri 1,8 dəfə çoxdur.
Lent.az