13 C
Baku
Sunday, November 24, 2024

Rusiyadakı soydaşlarımız Azərbaycanda pensiya alacaq – DETALLAR

“Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.  Müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının işlədikləri müddətdə qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunmasına imkan verəcək. Eyni ilə Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının da oxşar hüquqları olacaq.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sənəd eyni zamanda, Rusiyadakı həmyerlilərimizin şimal qonşumuzda yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq:

“Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o, Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazandığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni, onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq. Yaxud, Rusiyada qısa müddət – 5 il çalışıb, daha sonra ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq”.

Deputat sözlərinə görə, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədlərinin olması vacibdir:

“Təbii ki,  elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin özlərində qorunması arzuolunandır.

Bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək”.

 

 

Son xəbərlər
Digər xəbərlər