9 C
Baku
Friday, November 29, 2024

Rusiyalı iş adamları Avropadan 50 mlrd. dollarlıq aktivlərini çıxarıblar

Rusiyalı milyarderlər sanksiya şəraitində ən azı 50 milyard dollar məbləğində aktivlərini Avropa ölkələrindən çıxarıblar, bu barədə “Bloomberg” agentliyi yazıb. Məlumata görə, aktivlərin köçürülməsi əsasən sanksiyalar və vergi siyasətindəki dəyişikliklərlə bağlıdır.

Kipr, Cersi və İsveçrədə qeydə alınmış aktivlərin Rusiya, BƏƏ və Qazaxıstana repatriasiyası ötən ilin fevralında başlayıb. Milyarder Andrey Quryevin və polad maqnatı Viktor Raşnikovun aktivləri İsveçrə və Kiprdən Rusiyaya köçürülüb, daha sonra onlara Ural milyarderi, “Rusiya mis şirkəti”nin qurucusu İqor Altuşkin də qoşulub.

Aktivlərin Rusiyaya qayıtmasına həm də Rusiya ofşorları adlanan ərazilərin – Kalininqrad və Vladivostokda xüsusi inzibati rayonların inkişafı kömək edir. Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəis müavini İlya Torosov Şərq İqtisadi Forumunda bildirib ki, təkcə 2023-cü ildə vergi güzəştləri təklif edən 115-ə yaxın şirkət bu zonalara köçüb və ümumilikdə 253 təşkilat qeydiyyatdan keçib.

Buna baxmayaraq, Rusiyanın ən böyük xammal və texnologiya şirkətlərindən bəziləri hələ də Avropada qeydiyyatdadır. Məsələn, gübrə istehsalçısı “EuroChem” və kənd təsərrüfatı şirkəti “Rusaqro”.

Son xəbərlər
Digər xəbərlər