9 C
Baku
Thursday, December 26, 2024

Rusiyalı nazir: Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biri də birgə universitetin açılmasıdır

COP29 genişmiqyaslı tədbirdir. Burada bizim ilk günümüzdür, biz öz stendimizlə təmsil olunuruq və hər şeyi çox bəyənirik. Üstəlik, bu tədbirin əhəmiyyətini və Azərbaycanla yaxşı münasibətlərimizi nəzərə alaraq, beynəlxalq layihələri müzakirə etmək üçün burada ekspertlərarası iclas keçirməyi qərara aldıq.

Bu barədə jurnalistlərə Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bildirib.

“Rusiyada bizim Elm və Ali Təhsil Nazirliyinin karbon sınağı meydançalarının inkişafı üçün layihəsi var. Bunlar Rusiyanın müxtəlif bölgələrində, fərqli ekosistemlərdə yerləşən universitetlərimizin və elmi institutlarımızın bazasında xüsusi elmi və təhsil şəbəkələridir və bir sıra problemlərin həllinə yönəlib. Bu, bir tərəfdən, karbon nəzarətinin yeni elmi üsullarının sınaqdan keçirilməsidir, digər tərəfdən, tələbələri öyrədir, gənclər bu sınaq meydançalarında daha müvafiq biliklər əldə edir, o cümlədən müvafiq təhsil proqramlarını tərtib edir. Bu gün xaricdə, Rusiyadan kənarda güzgü karbon poliqonları ilə bağlı üç yeni layihəni nəzərdən keçirdik. Onlardan biri Braziliyada, digəri isə Serb Respublikasındadır və bu gün burada, Azərbaycanda daha bir poliqonun açılması ilə bağlı razılıq əldə olunub”, – deyə nazir qeyd edib.

Nəzərdə tutulan layihələrdən danışan nazir bildirib ki, iki ölkənin fəal müzakirə etdiyi əsas layihə Rusiya-Azərbaycan birgə universitetinin açılmasıdır. “Əslində, bu, COP29 da daxil olmaqla, Azərbaycana səfərimizin gündəliyində olan layihələrdən biridir. Biz artıq danışıqların fəal mərhələsindəyik, tələbələrin parametrləri və sayı, təhsil proqramları, yerləşmə yeri və sairəni müəyyənləşdiririk”, – deyən V.Falkov bildirib ki, universitet Azərbaycan ərazisində yerləşəcək.

Nazir, həmçinin qeyd edib ki, alimlərin çox mühüm vəzifəsi var; siyasətçilərin qərar qəbul etməsi üçün ciddi elmi əsaslar hazırlamaq. “Buna görə də karbon poliqonlarına ehtiyacımız var və bu kontekstdə biz müxtəlif ölkələrdə istifadə olunan, lakin, eyni zamanda, ümumi yanaşmalara əsaslanan texnikaları müzakirə edirik. Bu yanaşmalar yoxlanılmalı, etibarlı, elmi əsaslandırılmalıdır ki, qərar qəbul edilən zaman siyasətçilərin heç birində şübhə olmasın. Qalan hər şey zaman məsələsidir”, – deyə rusiyalı nazir sözlərini yekunlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər