Rusiyalı turistləri daşıyan kruiz layneri “Astoria Grande”nin Gürcüstanın Batumi limanına növbəti səfəri də etirazla qarşılanıb.
Türkiyənin Trabzon limanından yola düşən gəmi saat 06 radələrində Batumi limanına çatıb. Layneri gecə saatlarından etibarən etiraz aksiyası keçirən, əllərində Gürcüstan və Ukrayna bayraqları, həmçinin müxtəlif plakatlar tutan aksiyaçılar qarşılayıblar. Bu bardə APA-nın Gürcüstan bürosu məlumat yayır. Etiraz aksiyasında müxalif Vahid Milli Hərəkat partiyasının üzvləri də iştirak ediblər. Aksiya zamanı polislə qarşıdurma olduğu, təxminən 10 nəfərin saxlanıldığı bildirilir. Yerli KIV polisin aksiyaçılardan birini döyməsi ilə bağlı məlumat yayıb.
Daha əvvəl yayılmış xəbərlərdə gəminin göyərtəsində Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Rusiya vətəndaşlarının olması barəsində məlumat yayılıb. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Palau bayrağı altında üzən kruiz gəmisinin sanksiyalara məruz qalmadığını və dünyanın müxtəlif limanlarına sərbəst hərəkət edə bildiyini açıqlayıb.
Bununla belə “Mtavari Arxi” telekanalı kruiz gəmisinin sahibi olan şirkətə ABŞ və Ukrayna tərəfindən sanksiya tətbiq edildiyi barədə məlumat yayıb.