Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən təxminən 22 milyard dollar artıb.
“Bloomberg”in “Milyarderlər indeksi”nin şirkətlərin səhmlərinin dəyəri əsasında apardığı hesablamalardan sonra belə nəticələr ortaya çıxıb.
“Severstal”ın təsisçisi Aleksey Mordaşov ilin əvvəlindən 4.84 milyard dollar qazanaraq, sərvətini 28.1 milyard dollara çatdırıb.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest”in səhmdarı Əlişir Usmanovun sərvəti isə 4.81 milyard dollar artıb.
“Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3.71 milyard dollar qazanaraq, sərvətini 14.7 milyard dollara yüksəldib.
Ən çox itkiyə məruz qalan rusiyalı sahibkar isə NLMK-nın rəhbəri Vladimir Lisindir. Onun sərvəti 2.86 milyard dollar azalaraq, 23 milyarda düşüb.
Xatırladaq ki, 2012-ci ilin martından “Bloomberg” planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Milyarderlər indeksi”ni dərc edir.







