Aktivlərə görə ilk 10-luğa daxil olan Rusiya bankları 2022-ci böhran ilində bütün sektorun maliyyə nəticələrini əhəmiyyətli dərəcədə pisləşdirib. Məlumata görə, illik zərər 2.6 milyard dollar (197 milyard rubl), mənfəət isə 5.3 milyard dollar (400 milyard rubl) təşkil edib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Ekspertlər bazar liderlərinin rentabelliyinin kəskin şəkildə pisləşməsini Qərbin sanksiyaları ilə əlaqələndirirlər: ayrı-ayrı banklara qarşı birbaşa məhdudiyyətlər tətbiq edilib.
Ekspertlərin proqnozuna görə, 2023-cü ildə Rusiya bankları 2020-ci il səviyyəsində mənfəət göstərə biləcək. Maliyyə nəticələri demək olar ki, böhrandan əvvəlki kimi bölüşdürüləcək: ilk onluğa daxil olan banklar – 74.6%, aktivlərə görə 11-50-ci yerləri tutan – 19.7%, 51-100 yerlərdə qərarlaşan – 3.4%.
“Ekspert RA” 2023-cü ildə aktiv kredit təşkilatlarının sayının azalacağını gözləyir: 15-ə qədər oyunçu lisenziyasını itirə və ya könüllü olaraq təhvil verə bilər.