Bu ilin oktyabr ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu sentyabr ayına nisbətən 192 milyon ABŞ dolları və yaxud 3,2 % artıraraq 5,963 milyard ABŞ dollarından 6,155 milyard ABŞ dollarına çatdırıb.
“İnterfax” agentliyi xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Sənədə əsasən, ay ərzində Rusiya uzunmüddətli istiqrazlara investisiyaları 782 milyon ABŞ dolları və yaxud 22,9 % azaldaraq 2,631 milyard ABŞ dollarına endirib, qısamüddətli istiqrazlara investisiyaları isə 974 milyon ABŞ dolları və yaxud 38,2 % artaraq 3,524 milyard ABŞ dolların çatdırıb.
Bununla belə, əvvəlki illərlə müqayisədə Rusiyanın ABŞ-a “verdiyi borc”un məbləğində kəskin azalma var. Məsələn, 2013-cü ildə bu rəqəm 150 milyard ABŞ dollarından çox olub, tədricən isə azaldılıb. 2018-ci ilin aprel ayında Rusiyaya qarşı tətbiq olunmuş sərt sanksiyalar fonunda ABŞ-ın dövlət istiqrazlarına investisiyalar təxminən 2 dəfə azaldılaraq 96,1 milyard ABŞ dollarından 48,7 milyard ABŞ dollarına, həmin ilin may ayında isə 14,9 milyard ABŞ dollarına endirilib. Bununla, Rusiya ABŞ-ın dövlət səviyyəsində ən çox borc aldığı 33 ölkənin siyahısını tərk edib.
Bu il noyabrın 1-nə ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşu üzrə lider ölkə Yaponiya olub. Amma onun ABŞ-a “borc”u oktyabr ayında 6,7 milyard ABŞ dolları və yaxud 0,5 % azalaraq 1 269,5 milyard ABŞ dollarına düşüb. Borc siyahısında II yerdə qərarlaşmış Çinin sözügedən istiqrazlara investisiyaları isə 7,7 milyard ABŞ dolları və yaxud 0,7 % azaldaraq 1 054 milyard ABŞ dolları olub. III yeri 442,8 milyard ABŞ dolları ilə Böyük Britaniya, IV yeri 316,4 milyard ABŞ dolları ilə İrlandiya, V yeri 266,2 milyard ABŞ dolları ilə Leksemburq, VI yeri isə 262,9 milyard ABŞ dolları ilə Braziliya tutub. İlk 10-luğa həmçinin İsveçrə, Bekçika, Honkonq və Hindistan da daxildir.
Hesabat ayında qeyri-rezidentlərin ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 2,6 milyard ABŞ dolları və yaxud 0,04 % azalaraq 7 068,4 milyard ABŞ dolları təşkil edib ki, bunun da 4 167,5 milyard ABŞ dolları xarici ölkələrin hökumətlərinə və yaxud mərkəzi banklarına məxsus olub.