“Azərkosmos” ASC yanvarın 28-30-da Rusiyanın Moskva şəhərində keçirilən “CSTB 2020” sərgi-forumunda iştirak edib.
“CSTB” sərgisi telekommunikasiya sahəsində artıq 20 ildən çoxdur ki keçirilir və sərgidə Rusiya və MDB ölkələrindən televiziya yayımı, rəqəmsal media və peyk xidmətləri təqdim edən aparıcı şirkətlər öz məhsullarını nümayiş edir.
Sərgi çərçivəsində “Azərkosmos” və Rusiyanın “VES-Media” (ВЕС-Медиа) şirkətinin “Yuveliroçka” kanalı və Tatarıstanın “Novıy Vek” (Телерадиокомпания Новый Век) tele-radio şirkətinin “TNV Planet” (ТНВ Планета) kanalları arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, fevral ayından etibarən “Yuveliroçka” və “TNV Planet” kanalları “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq. Bu kanallar vasitəsilə rus və tatar dillərində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə, moda, tərz və mədəniyyət proqramları nümayiş edilir. Yeni kanallar sayəsində hazırda “Azerspace-1” peykində nümayiş olunan rusdilli kanalların sayı artacaq və bu da regionda rusdilli kanallara olan tələbatı qarşılamaqla “Azerspace-1” peykinin orbital mövqeyinin daha da populyarlaşması üçün əlavə imkanlar yaradacaq.
Sözügedən kanalların yayım tezlikləri aşağıdakı kimidir:
“Yuveliroçka” kanalının tezliyi: 11095/H/3000
“TNV Planet” kanalının tezliyi: 11015/H/13000
“Azərkosmosla qurulan əməkdaşlığımız sayəsində “Yuveliroçka” kanalı nəinki Rusiya və MDB məkanında, o cümlədən “Azerspace-1” peyki vasitəsilə 30-dan çox ölkədə yayımlanacaq. Biz inanırıq ki, bu kanala Azərbaycanlı izləyicilərin də marağı yüksək olacaq. Öz növbəmizdə bizə beynəlxalq televiziya yayımına çıxış imkanı yaratdığı üçün etibarlı tərəfdaşımız “Azərkosmos”a təşəkkür edirik və bu əməkdaşlığımızın uzunmüddətli olacağına əminik”, – deyə “VES-Media” şirkətinin distributor meneceri Yuliya Averkina bildirib.
Həmçinin, sərgi iştirakçılarına “Azərkosmos”un MDB regionu üzrə satış təmsilçisi tərəfindən şirkətin fəaliyyəti və “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri haqqında geniş məlumat verilib və təqdimat keçirilib.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
©Report